"COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət edir”.
DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, COVID-19 xəstəliyi ilə əlaqədar götürülən analiz nəticələri pozitiv çıxan şəxslər barəsində dərhal respublikamızın bütün ərazi polis orqanlarına müvafiq məlumatlar göndərilir.
Onun sözlərinə görə, daxil olan məlumat üzrə hər bir aktiv COVID-19 xəstəsi ərazidə fasiləsiz xidmət aparan polis müşahidəsinə daxil edilir:
"COVID-19 xəstəsi əgər həmin ünvanı tərk edərsə, bu dərhal polisə məlum olur. Aktiv COVID-19 xəstələri üzərində gücləndirilən səmərəli nəzarət-profilaktik tədbirlərin nəticəsidir ki, noyabrın 30-dan bu günədək daxili işlər orqanlarının əməkdaşları ümumilikdə 150 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıb. Onlardan 135 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 13 nəfər xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində 106 nəfər barəsində qanunvericiliyə uyğun olaraq, cinayət işi başlayıb. Müvafiq ərazi polis idarə və şöbələrində istintaq araşdırmaları davam etdirilir. Araşdırma prosesində həmin xəstələrin ünsiyyətdə olduğu şəxslərin dairəsi müəyyən olunmaqla, laborator analizlərə cəlb olunur”.