“2 aprel” aksiyasında tutulanların məhkəməsi davam edib
28 iyul 2011 16:53 (UTC +04:00)

“2 aprel” aksiyasında tutulanların məhkəməsi davam edib

Bu gün Nərimanov rayon Məhkəməsində aprelin 2-də İctimai Palatanın keçirdiyi mitinqlə bağlı qaldı qaldırılmış cinayət işi çərçivəsində həbs edilmiş Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinləri Rüfət Hacıbəyli və Əhəd Məmmədli, AXCP üzvü Elnur Məcidli və bitərəf Ülvi Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Bu barədə Lent.az-a məlumat verən vəkil Elçin Namazov bildirib ki, prosesdə müdafiə etdikləri şəxslərin barələrində qaldırılmış cinayət işinə xitam verilməsi, əks təqdirdə, haqlarında seçilmiş həbs-qətimkan tədbirinin başqa tədbirlə əvəz edilməsi, onların dəmir barmaqlıqlar arxasından çıxardılaraq, vəkillərinin yanında əyləşməsi və s. ilə bağlı bir neçə vəsatət qaldırıblar.


Vəkil bildirib ki, hakim bu vəsatətlərin ardınca müşavirəyə gedib və vəsatətlərlə bağlı qərarını iyulun 29-da keçiriləcək prosesdə açıqlayacağını qeyd edib.


Xatırladaq ki, İctimai Palatanın 2 aprel mitinqinə görə, 14 nəfərə cinayət işi açılıb. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar