Təyyarə qəzasında ölənlərin yaxınlarına kompensasiyalar ekspertizadan sonra veriləcək
27 iyul 2011 10:48 (UTC +04:00)

Təyyarə qəzasında ölənlərin yaxınlarına kompensasiyalar ekspertizadan sonra veriləcək

Bu barədə Lent.az-a qəzanı araşdıran komissiyanın Azərbaycan tərəfdən üzvü, “Silk Way” aviaşirkətinin direktor müşaviri Adil Qasımov məlumat verib.

O bildirib ki, dünən cəsədlərin qalıqları ilə tanışlıqdan sonra belə məlum olub ki, cəsədlərin DNT analizləri gözlənildiyi kimi bir həftə, 10 gün deyil, ən azı bir ay çəkəcək.

Qəzada ölənlərin yaxınlarına kompensasiya verilməsi məsələsinə də toxunan A. Qasımov bildirib ki, cəsədlərin DNT analizləri yekunlaşdıqdan, analizlərin nəticələri bilindikdən sonra ölənlərin yaxınlarına əvvəlcədən qeyd olunan miqdarda kompensasiya veriləcək: “Biz tərəfdən bütün işlər görülüb, sənədləşdirmələr tam şəkildə aparılıb. Analizlər yekunlaşdıqdan sonra kompensasiyalar ödəniləcək”. Qeyd edək ki, Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsində həlak olanların yaxınlarına 100 min manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar