“Orqan mafiyası”nın ibtidai istintaqı yekunlaşıb
16 iyun 2011 12:43 (UTC +04:00)

“Orqan mafiyası”nın ibtidai istintaqı yekunlaşıb

Kiyevdəki Şalimov adına İnstitutun həkimlərinin “qara transplantasiya” işi üzrə istintaq başa çatıb. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hazırda təqsirləndirilən şəxslər və onların vəkilləri cinayət işinin materialları ilə tanış olurlar.
İstintaq üçü həkim olmaqla, altı nəfərə qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürüb, onlara 15 ilə kimi azadlıqdan məhrum etmə cəzası verilə bilər. Məhkəmə prosesinin gələn ay başlayacağı gözlənilir.


Qeyd edək ki, “qara transplantasiya” işi üzrə 25 zərərçəkən var. Həkimlər təkcə insan orqanlarının transplantasiyası ilə bağlı qeyri-qanuni cərrahiyyə əməliyyatları aparmaqda ittiham olunmurlar, onlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamı da irəli sürülüb. Bu qruplaşmanın rəhbəri tibbi təhsili olmayan İsrail vətəndaşıdır.


Həkimlər 25 qeyri-qanuni cərrahiyyə əməliyyatının 15-ni Azərbaycanda, qalanlarını isə Ekvador və Kosovoda keçiriblər.


Qeyd edək ki, Ukraynanın hüquq-mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən də birgə araşdırma aparılıb. Müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını Azərbaycana gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil ediblər. Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işi üzrə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi həmin ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Müəyyən olunub ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozub, həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradıblar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul alıblar.



İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar