Valyutadəyişmə məntəqəsinə basqınla bağlı bəzi təfərrüatlar məlum olub
12 noyabr 2009 11:30 (UTC +04:00)

Valyutadəyişmə məntəqəsinə basqınla bağlı bəzi təfərrüatlar məlum olub

Basqın zamanı istifadə olunan avtomobil müəyyənləşdirilib, məntəqədən 7 min manatadək pul aparılıb


Azərbaycan paytaxtında valyutadəyişmə məntəqəsinə basqın zamanı xəsarət alan şəxs küt dəmir parçası ilə vurulub. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Həsənov bildirib.


E. Həsənov hadisə nəticəsində valyutadəyişmə məntəqəsindən valyuta aparıldığını, onun məbləğinin isə hələlik bəlli olmadığını açıqlayıb. Onun sözlərinə görə, basqını törədən şəxsin hadisə yerindən qaçdığı avtomobil müəyyənləşdirilərək götürülüb.


Rəis müavini yaralanan şəxsin vəziyyəti ilə bağlı hələlik dindirilmədiyini deyib.



Məntəqəyə silahlı basqın edən şəxs oradan 7 min manata yaxın pul aparıb. Bu barədə APA-ya Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev məlumat verib. Onun sözlərinə görə, artıq baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. C. Quliyev valyutadəyişmə məntəqəsinin əməkdaşı Tərlan Məlikova basqın edən şəxsin ona xəsarət yetirdikdən sonra əlində olan 7 min manata yaxın pulu götürərək hadisə yerindən qaçdığını bildirib. Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə yerində olan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Həsənov isə APA-nın əməkdaşına açıqlamasında basqını törədən şəxsin hadisə yerindən qaçdığı avtomobili artıq müəyyənləşdirilərək götürüldüyünü söyləyib.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda, Atatürk prospektində “Debütbank”ın 24 sayı valyutadəyişmə məntəqəsinə silahlı basqın olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Həsənov, Daxili İşlər Nazirliyinin yüksək rütbəli nümayəndələri gəlib. Basqın nəticəsində ölən olmayıb.

APA-nın əməkdaşı valyutadəyişmə məntəqəsinin ətrafında, yerdə qan izlərini müşahidə edib.

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, silahlı basqın nəticəsində yaralanan valyutadəyişmə məntəqəsinin əməkdaşı 1988-ci il təvəllüdlü Tərlan Məlikovdur. O, Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən APA-ya T. Məlikovun baş və üz nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti aldığı, vəziyyətinin kafi olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar