Elçin Behbudov Ramil Usubova müraciət etdi
22 may 2009 11:30 (UTC +04:00)

Elçin Behbudov Ramil Usubova müraciət etdi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov rəhbəri olduğu qurumun sabiq təsisçisi - saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satmağa cəhd göstərən zaman həbs edilən Pərviz Dəyistani ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən bildirilib. Müraciətdə qeyd olunub ki, Pərviz İsa oğlu Dəyistani fəaliyyətində buraxdığı nöqsanlara görə bu il aprelin 15-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sıralarından xaric edilib: “Biz nazirliyin mətbuat xidmətindən araşdırılmamış məlumatın mətbuata ötürülməsinə etirazımızı bildiririk. Bu məlumatın yayılması tərəfimizdən qərəzli və məqsədyönlü mövqe kimi qiymətləndirilir”.

Komitə sədri nazirdən gələcəkdə analoji hallara yol verilməməsini xahiş edib.
E. Behbudov APA-ya açıqlamasında P. Dəyistani ilə birgə saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satmağa görə saxlanılan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin redaktoru İrina Konovalovanın həbsdən azad edildiyini də bildirib. Onun sözlərinə görə, P. Dəyistani hazırda Şüvəlandakı 2 saylı İstintaq Təcridxanasında saxlanılır.


Qeyd edək ki, P. Dəyistaninin saxlanması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi İnternet saytında məlumat yayılıb. Məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Azərbaycan respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin redaktoru İrina Konovalova və İşgəncələrə Qarşı Komitə qeyri-hökumət təşkilatının həmtəsisçisi Pərviz Dəyistani saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satarkən tutulublar. İ. Konovalovanın evinə baxış zamanı saxta sənədlərin hazırlanması üçün nəzərdə tutulmuş blank, arayış, hüquq verən sənəd nümunələri, müxtəlif möhürləri özündə əks etdirən disket, kompüter və skayner aşkar edilərək götürülüb.

Faktla əlaqədar BMCMİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar