Qamət Süleymanov məhkəmədə “Azadlıq” radiosunu uddu
20 may 2009 16:00 (UTC +04:00)

Qamət Süleymanov məhkəmədə “Azadlıq” radiosunu uddu

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Azadlıq” radiosunun Yasamal rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Bu barədə Lent.az-a qarşı tərəfin - “Nərimanov rayon dindarları” Dini İcmasının rəhbəri, “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun hüquqi nümayəndəsi Rəşad Məmmədov məlumat verib.

Hakim Aygün Abdullayeva radionun şikayətini təmin etməyib, əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Prosesdə radionun hüquqi nümayəndəsi olaraq Fariz Namazlı iştirak edib.

Xatırladaq ki, Q.Süleymanov “Azadlıq” radiosunun internet-saytında getmiş “Kimdir xəvvariclər?” yazısının ona mənəvi ziyan vurduğunu iddia edərək, Yasamal rayon Məhkəməsinə müraciət edib. Q.Süleymanov həmin yazıda yer almış bir neçə məqamın “Əbu Bəkr” məscidinin maraqlarına toxunduğu iddia edib. O, radionun saytında təkzib məqaləsinin çap olunmasını, həmçinin 50 min manat ödənilməsini istəyib. Həmin məbləğ məscid üçün yox, uşaq bağçalarından birinə köçürülməsini xahiş edib.

Yasamal rayon Məhkəməsi Q.Sülemanovun iddiasını qismən, təkzib verilməklə bağlı olan hissəsini təmin etmiş, “Azadlıq” radiosu isə məhkəmə qərarından apellyasiya şikayəti vermişdi.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110

Oxşar yazılar