Vergi proqnozu kəsirdə qalan büdcə bəyənildi
20 may 2009 11:00 (UTC +04:00)

Vergi proqnozu kəsirdə qalan büdcə bəyənildi

“2008-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edildi

Milli Məclisin iqtisadi siyasət komitəsində “2008-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb. Komissiya üzvləri və hökumət nümayəndələri bir-iki xırda detalları çıxmaq şərtilə büdcənin icrasında bütövlükdə razı qaldıqlarını bəyan ediblər.

Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Əli Məsimli Lent.az-a açıqlamasında bildirib ki, ötən ilin ikinci yarısı qlobal maliyyə və iqtisadi böhranının təsiri ilə keçib. Bu isə digər sahələrdə olduğu kimi, büdcənin gəlir və xərclərinə də təsir göstərib. Onun sözlərinə görə, böhranın təsirləri nəticəsində ötən il neftin qiyməti 147 dollardan 40 dollara enib: “Buna baxmayaraq, büdcədə nəzərdə tutulan gəlirlər və xərclər tam şəkildə yerinə yetirilib. Bu, hər halda müsbət cəhətdir ki, başqa ölkələrin maliyyə sektorundakı problemlər Azərbaycanda müşahidə olunmayıb”.

Bununla belə, Əli Məsimlinin fikrincə, büdcə ilə bağlı bir sıra problemlər var ki, onların həlli olduqca vacibdir. Millət vəkili bu problemlər sırasında büdcə vəsaitlərinin inflyasiyanın artmasında rolunu xüsusi qeyd edir. Onun sözlərinə görə, son illər büdcənin cari xərcləri əhəmiyyətli dərəcədə artıb və iri investisiya layihələri məhz bu vəsaitlər hesabına həyata keçirilir: “Ona görə də çalışmaq lazımdır ki, həm büdcə vəsaiti inflyasiyanın artmasına səbəb olmasın, həm də investisiya vəsaitləri öz təyinatı üzrə xərclənsin. Bunun isə ən yaxşı üsulu büdcə vəsaitlərindən səmərəliliyin artırılmasıdır”.

Millət vəkili hesab edir ki, Maliyyə Nazirliyi Hesablama Palatası ilə birgə bu istiqamətdə bir sıra əlavə tədbirlər görməlidir. Həmçinin “Dövlət maliyyə nəzarəti haqqında” qanun da qəbul edilməsinə ehtiyac var.

Onun sözlərinə görə, 2008-ci ilin dövlət büdcəsinin icrasına dair hesabat normal hazırlansa da, bəzi sahələrdə icra kəsirlə başa çatdırılıb. Bütövlükdə isə 2008-ci il büdcəsində 11,5 milyon manat kəsir yaran: “Bunun səbəblərinə əlavə hesablamalarla aydınlıq gətirilir. Məsələn, fiziki şəxslərdən gəlir vergisi proqnozda nəzərdə tutulandan 21 faiz az toplanıb. Ancaq bu məsələdə müxtəlif amillər ola bilər və bunlar mütləq nəzərə alınmalıdır”.

Xatırladaq ki, iqtisadi siyasət komissiyası 2008-ci ilin dövlət büdcəsinin icrasını müsbət qiymətləndirib və qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar