Valideynlər orta məktəb direktorunun otağında əlbəyaxa oldular
17 dekabr 2010 13:13 (UTC +04:00)

Valideynlər orta məktəb direktorunun otağında əlbəyaxa oldular

Dekabrın 16-da Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 72 saylı məktəb-litseydə valideynlər arasında dava olub.



5-ci sinifdə oxuyan Əbilzadə Ayna Fəzail qızının anası Telli Əhmədova Lent.az-a açıqlamasında qızının sinif yoldaşı olan Türkiyə vətəndaşı Gülsümün valideynlərinin onu döydüyünü iddia edib. Belə ki, uşaqları arasında baş vermiş narazılığı aydınlaşdırmaq istəyən valideynlər məktəb direktoru Polad Əjdərovun kabinetinə dəvət edilib. Bu zaman mübahisə daha da qızışıb və hər iki şagirdin valideynləri əlbəyaxa olublar.


Lent.az-a verilən məlumatda o da bildirilir ki, davanın kökü daha dərinə gedir. Belə ki, uşaqların ailələri arasında narazılıq daha əvvəl də baş verib. Valideynlər dekabrın 15-də “Kristal” şadlıq evinin qarşısında görüşüb və burada da dava düşüb. Lakin ərazidəki şəxslər qəzəbli valideynləri ayırmağa müvəffəq olub.


5-ci sinifdə oxuyan qızların arasında yaranan narazılığın səbəbləri isə hələlik məlum deyil. T.Əhmədova bildirir ki, onun qızı ilə Gülsüm arasında bir neçə dəfə narazılıq olub. Lakin uşaqlar problemi öz aralarında həll edib. Məsələyə valideynlər qarışınca dava daha da böyüyüb.


Məsələ ilə bağlı 72 saylı məktəblə də əlaqə saxladıq. Məktəbdən faktı təsdiqləyərək bildirdilər ki, direktor valideynləri sakitləşdirmək istəyib və bu zaman valideynlərlə yanaşı, onlarla birgə gələn digər şəxslər də mübahisəyə müdaxilə edib. Beləliklə də insident daha da böyüyüb.


Artıq hər iki tərəf şikayət ərizəsi ilə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə şikayət edib. Xəsarət alan şəxslərlə əlaqədar ekspertiza da təyin olunub, araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345

Oxşar yazılar