Xırdalanda dəhşətli qətl
05 noyabr 2010 11:44 (UTC +04:00)

Xırdalanda dəhşətli qətl

Azərbaycanın Abşeron rayonunda xüsusi amansızlıqla qətl törədilib. Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə Bakı-Quba yolunun 12-ci kilometrliyində qeydə alınıb. Naməlum şəxslər 45-50 yaşlarında olan kişini öldürdükdən sonra maşınla üstündən keçiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında baş vermiş qətl hadisəsinin isti izlərlə açıldığını qeyd edib. E. Zahidov hadisənin təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, məlum hadisə bu gün səhər saat 05.00 radələrində qeydə alınıb. Abşeron rayon Polis Şöbəsinin əməkdaşları gecə reydi zamanı Bakı-Quba yolunda üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti aşkarlayıblar. Hadisə barədə dərhal polis şöbəsinə məlumat verilib və əraziyə əməliyyat qrupu gəlib. Araşdırmalar nəticəsində meyitin şəxsiyyəti müəyyənləşib. Mərhumun Bakı şəhər sakini, 51 yaşlı Nəzərbala Məmmədov olduğu məlum olub.

Əməliyyat qrupunun isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Hadisə iştirakçısı olan üç nəfər – 28 yaşlı Sahib Əsgərəliyev, 19 yaşlı Sərxan Həsənov və 31 yaşlı İlqar Dadaşov saxlanılıblar.

İlkin araşdırmalar nəticəsində müəyyən edilib ki, qətlə yetirilən N. Məmmədov adıçəkilən şəxslərlə birgə “duzlu göl” yaxınlığında yeyib içib. Sonra isə onlar N. Məmmədova məxsus “VAZ-2101” markalı maşınla evlərinə getmək üçün yola düşüblər. Maşını Sahib Əsgərəliyev idarə edib. Bakı-Quba yolunun 12-ci kilometrliyində S. Əsgərəliyevlə N. Məmmədov arasında mübahisə düşüb. Sonradan davaya keçən mübahisə nəticəsində S. Əsgərəliyev N. Məmmədovu döyüb. Sonra isə maşınla onun üzərindən keçərək öldürüb.

Hazırda baş vermiş hadisə ilə bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar