76 yaşlı şəxs 21 yaşlı qızı zorlamaq istəyib?
27 iyul 2010 16:45 (UTC +04:00)

76 yaşlı şəxs 21 yaşlı qızı zorlamaq istəyib?

Masallı rayonunun Türkoba kənd sakini, 1980-ci il təvəllüdlü Firudin Məmmədov Lent.az-ın redaksiyasına müraciət edərək bacısına təcavüz etməyə cəhd göstərən şəxsin cəzasız qalmasından şikayətlənib.

F.Məmmədovun atası vəfat edib. İki bacısından biri ailəlidir. Digəri – S. isə birinci qrup əlildir. O, həm ruhi xəstə, həm də fiziki cəhətdən qüsurludur. F.Məmmədovun yeganə qardaşı da birinci qrup əlildir. Onun anası da əlil və şəkər xəstəsidir.

F.Məmmədovun sözlərinə görə, hadisə iyulun 13-də anası S.-nı qatıq almağa göndərərkən baş verib. Belə ki, S.-nın getdiyi yol meşə ərazisindən keçirmiş. Qardaşının iddiasına görə, C. M. adlı 76 yaşlı kənd sakini S. ilə rastlaşıb. C. M. əlində tutduğu pulu qıza göstərərək yanına çağırıb (kənd sakinləri mütəmadi olaraq Səmayəyə sədəqə şəklində pul verir). Qız yaxınlaşdıqda isə C.M. onu kolluğa çəkərək zorlamağa cəhd göstərib. Qardaşı belə deyir: “Bu şəxs kənddə bərbər işləyir, 76 yaşı var. Özü də Kərbəlayidir, ağsaqqal adamdır. Hadisə vaxtı yaxınlıqdan bir oğlan keçirmiş. O kolluqdan səs eşidərək yaxınlıqdan daha bir nəfəri çağıraraq ora gedib. Bunlar telefonun kamerasıyla lentə də alınıb. Yalnız oğlanları görəndən sonra C. M. qızdan əl çəkib. Bacımın köynəyi cırılmışdı, C. həmin vaxt onu vurmuşdu da”.

Qardaşı deyir ki, C.M. onun bacısını zorlamağa cəhd göstərsə də alınmayıb. Yəni, onların arasında cinsi əlaqə olmayıb.

Hadisəni F.Məmmədovdan gizlədiblər ki, o, gedib təqsirkarı özü cəzalandırmasın. Lakin F.Məmmədovun qayınanası Xanımbacı İbrahimova ərizə ilə əvvəlcə Boradigah polis bölməsinə, sonra isə Masallı rayon Prokurorluğuna müraciət edib. 3 gün sonra isə hadisədən F.Məmmədov özü də xəbər tutub.

F.Məmmədov günahkar bildiyi C.M.-nın yalnız bir gün rayon prokurorluğunda dindirildiyini, sonra isə sərbəst buraxıldığını bildirib: “C.M. ilə, onun ailə üzvlərilə heç bir düşmənçiliyimiz olmayıb. Lakin bu hərəkətinə görə ona layiqli cəza verilməsini istəyirik”.

F.Məmmədov hadisə ilə bağlı tədbir görülməsi üçün dövlət qurumlarına da müraciət edib.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a bildirilib ki, Xanımbacı İbrahimovanın qohumunun zorlanması barədə ərizəsi üzrə hazırda Masallı rayon Prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir: “Araşdırmanın nəticəsi üzrə qəbul olunmuş qərar barədə şikayətçiyə müvafiq cavabın verilməsi təmin olunacaq”.

Boradigah Polis Bölməsindən Lent.az-a bildirilib ki, onlara məsələ ilə bağlı şikayət ərizəsi daxil olub: “Ərizə müvafiq qaydada Masallı rayon Polis Şöbəsinə göndərilib. Bizdə olan məlumata görə, hazırda şöbədə istintaq aparılır”.

Masallı rayon Polis Şöbəsindən isə açıqlama verilməyib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632

Oxşar yazılar