Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib
17 iyul 2010 12:00 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib

14 quldurluq və 14 soyğunçuluq törətmiş 29 nəfərdən ibarət 10 cinayətkar qrup, 32 mənzil oğurluğu törətmiş 40 nəfərdən ibarət 15 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib

İyulun 17-də Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin I yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, müşavirəni giriş sözü ilə açan Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının var qüvvəsi ilə çalışdığını bildirib. O, hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib.

Daha sonra BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov 2010-cu ilin I yarısında paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, bu ilin I yarısında Bakı şəhərində 5 464 cinayət hadisəsi qeydə alınıb. Həmin cinayətlərin 84,9%-i (4 644) az ağır və böyük ictimai təhlükə törətməyən, 15,1%-i (820) isə ağır və xüsusilə ağır cinayətlər olub. E.Həsənov bildirib ki, qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və aparılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə quldurluq 10 fakt (15,87%), soyğunçuluq 51 fakt (33,77%), adam oğurluğu 4 fakt (3 dəfə), zorlamalar 6 fakt (7 dəfə), xuliqanlıq 11 fakt (4,55%), mülkiyyət əleyhinə cinayətlər 11 fakt (0,6%), o cümlədən şəxsi əmlak oğurluqları 21 fakt (1,78%) azalıb, hədə-qorxu ilə tələb etmə cinayətləri isə sabit qalıb. Bütövlükdə ümumi cinayətlərin açılması 1,5% yaxşılaşaraq 80,7% təşkil edib, ağır növ cinayətlərin 76,3%-nin açılması təmin olunub. Eləcə də naməlum şəraitdə baş vermiş cinayətlərin açılma faizi 60,1-dən 64,2-yə kimi yüksəlib, ötən illə müqayisədə bağlı qalmış cinayətlərin sayı 123 fakt azalıb. Keçən 6 ay ərzində qeydə alınmış 1683 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 1546-nın, başqa sözlə 96,5%-nin (2009-cu ildə 95,6%) açılması təmin olunub. Qeydə alınmış 29 qəsdən adam öldürmələrin ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 26-sı, başqa sözlə, 96,3%-i (ötən il 78%), 18 ölümə sui-qəsdin 15-i, başqa sözlə 88,2% -i, qəsdən sağlamlığa ağır xəsarət yetirmələrin 82,4%-i (ötən il 67,4%), sağlamlığa az ağır xəsarət yetirmələrin 86,7%-i (ötən il 85,3%), soyğunçuluqların 69,3%-i (ötən il 68,5%), ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 95,6%-i (ötən il 92,6%), zorlamaların və hədə-qorxu ilə tələb etmələrin hamısı açılıb. Şəxsi əmlak oğurluqlarının açılması 7,8%, mənzil oğurluqlarının isə açılması 18,9% yaxşılaşıb, 14 quldurluq və 14 soyğunçuluq törətmiş 29 nəfərdən ibarət 10 cinayətkar qrup, eləcə də 32 mənzil oğurluğu törətmiş 40 nəfərdən ibarət 15 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib. Həmçinin keçmiş illərdən bağlı qalmış 4 qəsdən adam öldürmə cinayəti cari ildə açılıb, xüsusən Nəsimi rayonu ərazisində F.İbrahimovu qətlə yetirən Cəlilabad rayon sakini Ş. Mirzəyevin ətrafında keçirilmiş məqsədyönlü əməliyyat-axtarış tədbirləri nəticəsində onun Qaradağ rayonu ərazisində 2007-ci ildə X.Cəfərovu, 2008-ci ildə isə O.Nəcəfovu qətlə yetirməsi müəyyən olunub. Eləcə də 2009-cu ildə Nərimanov rayonu ərazisində itkin düşmüş R.Həsənovu odlu silahla qətlə yetirib meyitini Xızı rayonu ərazisindəki Samur-Abşeron kanalına atmış F.Süleymanov tutularaq istintaqa təhvil verilib.

Bununla yanaşı, 21.01.2010-cu il tarixdə E.Mirzəyevə məxsus “Mercedes” markalı avtomaşının yük yerinin qıfılını, 19.05.2010-cu il tarixdə isə Q.Şükürova məxsus “Rang Rover” markalı avtomaşının şüşəsini sındırmaq yolu ilə oradan külli miqdarda pul oğurlamış mütəşəkkil dəstə zərərsizləşdirilib. Müşavirədə həmçinin uzun müddət Binəqədi rayonu ərazisində özünü işıq idarəsinin işçisi kimi təqdim etməklə ayrı-ayrı mənzillərə daxil olub hədə-qorxu, fiziki təzyiq göstərmə yolu ilə vətəndaşların qızıl-zinət əşyalarını və pullarını ələ keçirən Şabran rayon sakini C.Orucov 19.06.2010-cu il tarixdə Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıldığı bildirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun törətdiyi çoxsaylı cinayət faktlarının da üstü açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar