Fərda Qədirov: “Adamları qıracağam, adım kitablara düşəcək”
08 iyun 2010 12:45 (UTC +04:00)

Fərda Qədirov: “Adamları qıracağam, adım kitablara düşəcək”

İyunun 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə prosesdə təqsirləndirilən Nadir Əliyevin 2009-cu ilin mayın 7-də ibtida istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədə N.Əliyev Fərda Qədirovun ata-babasının Ermənistanda yaşayan yezidi kürdlərdən olduğunu bildirib: “Fərdanın ata-babası keçən əsrin ortalarında Ermənistandan Gürcüstana köçüb. Fərda həmişə yezidi kürd olduğunu söyləyirdi”.


İfadədə o da göstərilir ki, F. Qədirov N. Əliyevə kəndçiləri Seyid Qasımı oğlunun toy mərasimində öldürəcəyini söyləyib: “Mən yezidi kürdəm, beynim qanla dolub. Seyid Qasımın oğlunun toyunda bütün adamları qıracağam. Adım kitablara düşəcək”.


İfadədə, həmçinin F. Qədirovun N. Əliyevə Neft Akademiyasında törədəcəyi hadisə barədə də danışdığı göstərilir.


İfadə elan olunub qurtarandan sonra dövlət ittihamçısı N.Əliyevə suallar verib. N. Əliyev həmin ifadənin yalan olduğunu, işgəncələr altında verdiyini söyləyib.


Daha sonra N. Əliyevin elan olunan ifadəsinin video-görüntülər nümayiş olunub.
Həmin görüntülərdə N. Əliyev Neft Akademiyasındakı hadisələrdə Cavidan Amirovun da rolu olduğunu söyləyib.


Prosesdə bir saat fasilə elan olunub.

Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.



Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.



Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1786

Oxşar yazılar