“Fərdanı sonuncu dəfə hadisədən 16 gün əvvəl görmüşəm”
02 iyun 2010 12:45 (UTC +04:00)

“Fərdanı sonuncu dəfə hadisədən 16 gün əvvəl görmüşəm”

Təqsirləndirilən şəxs: “Mənə cəzanı Fərdanı tanıdığıma görə verin...”


İyunun 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nadir Əliyev ifadə verib. N.Əliyev təqsirləndirilən şəxslərdən Cavidan Amirovu və Nəcəf Süleymanovu tanıdığını söyləyib. 2002-ci ildə məktəbi qurtarandan sonra Bakıda şadlıq saraylarında ofisiant işlədiyini söyləyən N.Əliyev 2008-ci ildə Ukraynaya dayısının yanına işləməyə getdiyini bildirib: “4 ay orada qaldım. Sonra Gürcüstana qayıtdım. Bir müddət Gürcüstanda qalandan sonra Bakıya gəldim. Bakıda xalamın əri Rasimin yanında fəhlə işlədim. 2009-cu ilin aprelində İlqar adlı tanışım mənə dönərxanada işləməyi təklif elədi, razılaşdım. İlqarla görüşməyə gedəndə 28 May metrostansiyasındakı parkda bir nəfər məni adımla çağırdı. Mən həmin adamı tanımadım. Onun kim olduğunu və məni haradan tanıdığını soruşdum. Həmin adam “Mən Fərdayam, Əsəd müəllimin oğlu. Sən Şirxanın oğlu Nadir deyilsən?” dedi. Biz orada tanış olduq. Mən o vaxtadək Fərdanı görməmişdim. Həmin yerdə bir az söhbət elədik. Fərda dedi ki, bura şirkətə işə düzəlməyə gəlib. Sonra o, məndən telefon nömrəmi istədi, verdim. Üstündən bir-iki gün keçməmişdi ki, Fərda zəng elədi, mənimlə görüşmək istəyirdi. Ona Həzi Aslanovda yeni tikililərin birində fəhlə işlədiyimi söylədim. Fərda həmin yerə gəldi. Rasim də bizim yanımızda idi. Rasim mənə Fərdadan 100 manat borca pul almağımı istədi. Əvvəl etiraz elədim. Sonra isə Fərdadan pul istədim. Çünki kirayə qaldığım evin sahibinə borcum vardı. Fərda 50 manat verdi. Dedi ki, bundan artıq yoxdur. Həmin 50 manatın 30 manatın Rasim götürdü, 20 manatını mənə verdi. Daha sonra Fərda ilə Nərimanova getdik. Orada Əziz adlı tanışımla rastlaşdıq. Əzizlə Fərda tanış idilər. Onlar arasında nəsə söhbət oldu. Sonra bir yerə getdik. Orada Fərda bir qızla görüşdü. Mən içəri girmədim. Fərdaya xəbər göndərdim ki, gedirəm. Bir az keçmədi ki, Fərda gəldi. İkimiz bir yerdə Fərdanın yaşadığı evə getdik. Fərda mənə xalası qızını istədiyini, lakin valideynlərinin razı olmadığını söylədi. Fərda deyirdi ki, hər şeydən imtina edib, nə atası var, nə anası”.



N.Əliyev F. Qədirovun verdiyi borc pula görə ona zəng etdiyini bildirib: “O, 50 manatını qaytarmağı tələb edirdi. Mən pul tapıb aprelin 14-də onun borcunu qaytardım. Axırıncı dəfə də Fərdanı onda gördüm. Aprelin 30-da işdə idim. Radioda eşitdim ki, Neft Akademiyasında atışma olub. Mənim adımı çəkdilər. Dedilər ki, guya hadisəni mən törətmişəm, sonra da özümü öldürmüşəm. Evdə də hamı xəbərlərə baxmışdı. Hamı elə bilmişdi ki, mən ölmüşəm. Mən tez işdən icazə alıb, evə getdim. Telefonum evdə qalmışdı. Telefonu götürəndə gizli nömrədən çoxlu zəng gəldiyini gördüm. Gəlinimizin dayısı Kamil zəng elədi. Məndən harada olduğumu soruşdu. Kamillə görüşüb, Pirşağıya xalamqızıgilə getdik. Çünki pasportum onlarda qalmışdı. Yolda nömrəni telefondan çıxarıb, atdım. Kamilə zəng gəldi. Məni soruşurdular. Kamil onlara yerimizi söylədi. Mülki geyimdə olan polislər bizi maşına mindirib apardılar. Məni Akademiyanın binasına gətirdilər. Orada heç kəs məni tanımadı. Deyirdilər ki, guya mən də burda olmuşam. Sonra döyməyə başladılar. Mən Fərdanı tanıdığımı və lakin bu hadisədən xəbərim olmadığımı söylədim. Fərdanın yaşadığı evi onlara göstərdim. Onun evindən patron tapdılar”.


N.Əliyev verdiyi ifadələrin hamısını işgəncələr altında alındığını söyləyib: “Dözə bilmədim. Heç kəs də dözə bilməzdi. Axırda məcbur olub dedim ki, nə deyirlər ona razıyam”.

N. Əliyev günahsız olduğunu söyləyib: “Mənim bu hadisədən xəbərim olsaydı, xalamoğlu kapitandı, ona deyərdim. Mənə cəza verirsinizsə, Fərdanı tanıdığıma görə verin, bu qədər insanın ahını mənim üstümə tökməyin”.


Proses günorta fasiləsindən sonra davam etdiriləcək.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.



Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.



Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar