Şahid: “Fərda Qədirov Bakıda teleseriala çəkiləcəkmiş”
17 may 2010 13:15 (UTC +04:00)

Şahid: “Fərda Qədirov Bakıda teleseriala çəkiləcəkmiş”

Mayın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib. Həsənov Emin İdris oğlu təqsirləndirilən şəxslərdən Cavidan Amirovu tanıdığını söyləyib: “Mən 4 ay Cavidanla Bayıldakı təcridxanada bir kamerada qalmışam. Cavidandan hadisə barəsində soruşanda o, xəbərsiz olduğunu, günahsız yerə tutulduğunu söyləyirdi. O deyirdi ki, onları şərləyiblər. Təcridxanada Cavidana münasibət pis idi. Sonra eşitdik ki, Nadir Əliyev hər şeyi etiraf edib. Cavidandan bu haqda soruşanda o, yenə inkar elədi. O, Fərda Qədirovun da bu cinayəti törətdiyinə inanmırdı. Deyirdi ki, Fərda toyuq başı belə kəsə bilməz. Onu öldürüb, meyitini gətirib akademiyaya atıblar”.


Dövlət ittihamçısı şahiddən Cavidanın Fərda haqqından başqa nə söylədiyini soruşub. E.Həsənov Cavidanın Gürcüstanda Fərda ilə görüşdüyünü söyləyib: “Cavidan deyirdi ki, Fərda onlara gəlib. Hətta Fərda Cavidana Bakıda teleseriala çəkiləcəyini də söyləyib”.


C.Amirov şahidin dediklərini təsdiq edib.


Daha sonra prosesdə Marneuli-Bakı marşrut avtobusunun sürücüsü Elvar İsmayılov ifadə verib. O, təqsirləndirilən şəxslərdən Ariz Qabulovu tanıdığını bildirib. Onun sözlərinə görə, A.Qabulov qayınatası Əbülfəzə məxsus avtobusda pul yığan işləyir: “Avtobus Marneulidən tərpənəndə bir oğlan mənə yaxınlaşdı. O, mənə Bakıda kirayə ev axtardığını söylədi. Mən də onu Arizin yanına göndərdim. Çünki Arizin qardaşının Bakıda evi vardı. Ariz həmin evə kirayənişin axtarırdı”.


E.İsmayılov sərnişinlərin yüklərinin hamısını özü yerləşdiyini bildirib: “Yükləri yerləşdirilməsi işinə mən baxıram”.


Bu zaman dövlət ittihamçısı E.İsmayılovun ibtidai istintaqa başqa cür ifadə verdiyini söyləyib. Dövlət ittihamçısı bildirib ki, E. İsmayılov istintaqa ifadəsində Fərda Qədirovun A.Qabulovla söhbət etdiyini və F. Qədirovun əlində olan qara çantanın A.Qabulov tərəfindən avtobusun yük yerinə yerləşdirildiyini gördüyünü söyləyib.


Hakim E. İsmayılovun ifadələri arasında kəskin ziddiyyət yarandığından istintaqa verdiyi ifadəni elan edib və bu ziddiyyətin hansı səbəbdən yarandığını şahiddən soruşub. Şahid həmin ifadənin üstündən xeyli vaxt keçdiyindən xatırlamadığını bildirib.


Hakim E. İsmayılovun məhkəməyə yalandan ifadə verdiyinə görə hüquqi qiymət verilməsini dövlət ittihamçısının nəzərinə çatdırıb.


Prosesdə Neft Akademiyasının tələbəsi Cavid Nəsibli, N. Əliyevlə bir yerdə kirayədə qalan Elvin Namazov şahid qismində ifadə veriblər.


Proses mayın 18-də davam etdiriləcək.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.


Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.


Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar