Hacıkənddə sel fəlakəti
11 may 2010 15:30 (UTC +04:00)

Hacıkənddə sel fəlakəti

“Məcburi köçkünlər ərazidən köçürülməlidir”

Hacıkənd qəsəbəsində yağın və dağ sularının əmələ gətirdiyi sel nəticəsində evləri yararsız hala düşən məcburi köçkünlər ərazidən köçürülməlidir. Qəsəbənin “Dostluq” düşərgəsi adlanan ərazidə 32 məcburi köçkünün evini sel suları basıb. Əsasən 3 ev tamamilə yararsız hala düşüb. Ən ciddi problemlərdən biri sel sularının təsirindən Hacıkənd qəsəbəsinin avtomobil yollarının, həmçinin dərə süxurlarının çökməsidir. “Dostluq” düşərgəsinə gedən yolda çökmə və iri çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin rəsmiləri, həmçinin Gəncə şəhər, Kəlbəcər rayon icra hakimiyyəti başçıları, Göygöl rayon icra hakimiyyəti başçısının müavinləri, polis işçiləri ərazidə olub.

Gəncə şəhər icra hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Şahmalı Cavadovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, sabah saatlarından etibarən bağlı qalan Gəncə-Hacıkənd yolunun açılması təmin olunub. Əraziyə texnika ilə yanaşı, canlı qüvvə də cəlb olunub. Hazırda əsas məqsəd qəsəbəyə axan dağ sularının istiqamətini dəyişməkdir. Evsiz qalan sakinlərin ərazidən köçürülməsi üçün Kəlbəcər rayon İcra Hakimiyyəti ilə danışıqlar aparılacaq.

“Kəlbəcər rayon İcra Hakimiyyətinin rəsmiləri ilə danışıq aparacağıq. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət olunsa, bu sakinlərin Goranboy rayonunda salınan qəsəbəyə, və ya başqa əraziyə köçürülsə, yaxşı olar” - deyə, Şahmalı Cavadov əlavə edib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar