Abid Şərifov: “Vəziyyət çox gərgindir”
08 may 2010 18:30 (UTC +04:00)

Abid Şərifov: “Vəziyyət çox gərgindir”

“Kür Bayramlı qəsəbəsi istiqamətində 50 metr məsafədə bəndi dağıdıb. Həmin yerdə dərinlik 18 metrdir. Çalışırıq ki, texnika həmin yerə yaxınlaşsın. Artıq əraziyə iri qaya parçaları, böyük daşlar, beton hissələr gətirilib. Yaxın saatlarda onların Kürün dağıtdığı yerə tökülməsinə başlanacaq”.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu sözləri baş nazirin müavini Abid Şərifov deyib. O, Azərbaycanın müxtəlif nöqtələrindən iri qaya parçaları, böyük daşlar və beton hissələrinin əraziyə gətirilməsinin “Azərkörpü” ASC tərəfindən həyata keçirildiyini bildirib.


Əsas məqsədin bəndin yenidən qurulması olduğunu qeyd edən A.Şərifov suyun təzyiqinin yüksək olması səbəbindən bu işlərin tədricən aparılmasının vacibliyini söyləyib: “İstər Araz, istərsə də Kürdə suyun səviyyəsi çox yüksəlib. Suyun maksimum səviyyəsi 1800 kub/saniyə olmalıdır. Hazırda isə 2400 kub/saniyədir. Azərbaycanda heç vaxt belə su miqdarı olmayıb. Hamı fəlakətin səbəbini soruşur. Fəlakətin səbəbi sululuğun çox olmasıdır. Burada günahkar axtarmaq düzgün deyil. Bəziləri İranı günahlandırır, ancaq elə şey yoxdur. İran səfirinə müraciət etmişik, onlar da çalışırlar ki, bizə köməklik göstərsinlər”.


Sel fəlakətinin yaşandığı bütün ərazilərdə ümumilikdə 400-ə qədər ekskavator, 450 buldozer işlədiyini deyən A. Şərifov əraziyə 5000-ə yaxın canlı qüvvə cəlb olunduğunu diqqətə çatdırıb: “Bütün zəruri addımlar atılır. Hər şey var, lazımi tədbirlər görülür. İşlər istədiyimiz kimi alınsa, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mütəxəssisləri suyun hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirə bilsələr, Neftçala, Salyan, Biləsuvarın bəzi kəndlərini sel fəlakətindən qurtara biləcəyik. Lakin heç nəyə qarantiya vermək olmaz. İlk növbədə, insanların təhlükəsizliyi təmin olunmalıdır. Onların əmlaklarının xilas olunmasına çalışırıq. Pisi odur ki, suyun səviyyəsi düşmür”.


Havaların pis keçməsinin vəziyyətin daha da ağırlaşmasına səbəb olduğunu deyən A.Şərifov mayın 10-11-də havanın yenidən pisləşəcəyinin proqnozlaşdırıldığını, bunun çətinliklərin daha da artmasına səbəb ola biləcəyini söyləyib: “Vəziyyət çox gərgindir. Ancaq lazımi tədbirlər görülür və görüləcək”.


A.Şərifov sakinlərin suyun mühasirəsində qalması barədə məlumatları da təkzib edib: “Hamıya lazımi yardım göstərilir”.


Humanitar yardıma ehtiyac olmadığını qeyd edən baş nazirin müavini əhalinin fəlakət zonasından köçürülməsi ilə Fövqəladə Hallar Nazirliyinin məşğul olduğunu deyib: “İnsanların yerləşdirilməsi üçün iki çadır şəhərciyi qurulub. Bunlardan biri Şirvan şəhərində, digəri isə Sabirabaddakı stadionunda yerləşir. Ehtiyacı olanlar həmin şəhərciklərə köçürülür. Boşaldılmış evlərin mühafizəsini isə Daxili Qoşunların əsgərləri həyata keçirirlər. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri isə qayıqlarla əraziyə nəzarət edirlər”.


A.Şərifov əhalini ehtiyatlı olmağa çağırıb: “Artıq bir nəfər itkin düşüb, onun axtarışları aparılır. Bəzi sakinlər evlərini tərk etmək istəmirlər. Ancaq başa düşmək lazımdır ki, indi qəhrəmanlıq vaxtı deyil”.


Hələlik ümumilikdə nə qədər evə ziyan dəydiyini, neçə evin uçduğunu söyləyə bilməyəcəyini deyən baş nazirin müavini əksər evlərin çiy kərpicdən tikildiyindən, su dəyən kimi uçduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Bakıdan əraziyə həkim briqadası da ezam olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar