Akademiyanın dosenti: “Nadir Əliyevi akademiyanın ətrafında görmüşəm”
05 may 2010 12:00 (UTC +04:00)

Akademiyanın dosenti: “Nadir Əliyevi akademiyanın ətrafında görmüşəm”

Mayın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmə prosesi günorta fasiləsindən sonra davam etdirilib.



Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahid ifadələri dinlənilib. Akademiyanın dosenti Rizvan Yusifov ifadəsində ibtidai istintaq vaxtı ona təqsirləndirilənlərin şəkillərinin göstərildiyini bildirib. Onun sözlərinə görə, şəkillərdən birindəki şəxs ona tanış gəlib. Bu zaman məhkəmə R.Yusifova təqsirləndirilən şəxslərə baxmasını söyləyib. R.Yusifov dəmir barmaqlıqlar arxasında olan təqsirləndirilənlərə baxıb. O, həmin tanıdığı şəxsin bu adamlar olmadığını söyləyib. Daha sonra ona istintaq materiallarında olan şəkillər göstərilib. Şəkillərə baxan zaman R.Yusifov Nadir Əliyevi tanıyıb: “Nadir Əliyevi bir neçə dəfə akademiyanın ətrafında görmüşəm”.


N.Əliyev məhkəməyə işinin akademiyanın yolunun üstündə olduğunu söyləyib: “Mən bilməmişəm ki, ora universitetdir. Elə bilirdim ki, həmin bina neft şirkətidir”.


Sonra Fərda Qədirovun dayısı oğlu Səyyad Musayev ifadə verib. O, F.Qədirovun cinayət hadisəsindən əvvəl Bakıda olmasından xəbərsiz olduğunu deyib: “Fərda 2009-cu il martın əvvəlində mənə zəng edib. O, Bakıda kirayə ev tutmaqda gömək göstərməyimi istədi” .


S.Musayev F. Qədirovu sonuncu dəfə 15 il əvvəl gördüyünü söyləyib: “15 il sonra mənə zəng edəndə evdə də soruşdum ki, mənim mobil telefonumun nömrəsini haradan alıb. Cavidan da mənə onun Bakıda olması haqda heç nə deməyib”.


Təqsirləndirilən Nadir Əliyevin xalasının həyat yoldaşı Rasim Şəfəqətov ifadəsində hadisədən bir müddət əvvəl Fərda Qədirovun N.Əliyevlə onun evinə gəldiyini bildirib: “Dəqiq yadımda deyil. Həmin ərəfədə Fərda mənim iş yerimə, Nadirin yanına gəlmişdi. Həmin axşamı isə bizim evə gəldilər”.


Hakim və dövlət ittihamçısı R.Şəfqətovun ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsində ziddiyyətlərin olduğunu söyləyib. Şahidə bildirilib ki, o, istintaqa ifadəsində F.Qədirov və N.Əliyevə qızların nömrəsini verdiyini, F.Qədirovun atasının kürd olması barədə söhbət etdiklərini deyib.

Proses mayın 7-də davam etdiriləcək.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.



Amirov Cavidan Fərman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb.


Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar