Qırğızıstanda iki azərbaycanlı yaralanıb
20 aprel 2010 18:00 (UTC +04:00)

Qırğızıstanda iki azərbaycanlı yaralanıb

Azərbaycanlıların yaşadığı kənddə milli zəmində iğtişaş baş verib


Qırğızıstanın Bişkek şəhəri yaxınlığındakı Mayevka kəndində ötən gün milli zəmində baş verən iğtişaşlar zamanı 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralananlardan 9-u xəstəxanaya yerləşdirilib. Onlardan biri kliniki ölüm vəziyyətindədir. Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov ANS-ə bildirib ki, xəsarət alanlar arasında iki azərbaycanlı da var. Müşavirin sözlərinə görə, həmyerlilərimiz polislə kütlənin toqquşması zamanı təsadüfən xəsarət alıb.


İ.Cabbarov onu da bildirib ki, həlak olanlar arasında azərbaycanlılar yoxdur. Müşavir Mayevka kəndində xeyli azərbaycanlının yaşadığını təsdiqləyib.


Qeyd edək ki, aprelin 19-da gündüz saatlarında Bişkekin şimal ətrafındakı Mayevka kəndində yüzlərlə gənc iğtişaş törədərək, ev tikilməsi üçün torpaq tələb edib. Bişkek meri vəzifəsini icra edən İsa Omurkulovla danışıqlardan sonra vəziyyət müvəqqəti olaraq sabitləşib, lakin axşam iğtişaşlar yenidən başlayıb.


Silahlı adamlar “Türk məhəlləsi”nə hücum edərək oradakı evləri dağıtmağa başlayıblar. Onlarla ev yandırılıb. Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva Mayevkada vəziyyətin nəzarət altına alındığını bildirib. Kəndə daxil olmuş milis və daxili qoşunlar iğtişaşları törətməkdə təqsirli bilinən 40 nəfəri saxlayıb. Digər iştirakçıların axtarışı davam etdirilir. Qırğızıstanın müvəqqəti hökuməti dinc əhaliyə atəş açılmayacağını bəyan edib. Yeni hökumətin sədr müavini Almazbek Atambayev deyib ki, ölkədə sabitliyi pozmağa yönələn hər bir cəhdin qarşısı alınacaq.


Çuy əyalətinin başçısı Bəkidin Subanbekov isə jurnalistlərə verdiyi müsahibəsində Mayevka kəndində vəziyyətin ciddi olduğunu dilə gətirib.


Qeyd edək ki, Mayevka kəndinin əsas hissəsini 1944-cü ildə Sovet Gürcüstanından deportasiya olunan Məshəti türkləri təşkil edir.


Kurmanbek Bakiyevin üsyanla hakimiyyətdən uzaqlaşdırılmasından sonra Qırğızıstanda gərginlik hələ də səngimək bilmir. Bu ərəfədə aprelin 7-8-də baş verən toqquşmalar zamanı ölənlərin sayı da 85-ə çatıb. Yüzlərlə yaralı hazırda paytaxt xəstəxanalarında müalicə alır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar