Hərbi hissədəki qanlı hadisə ilə bağlı vəzifəli şəxslər həbs olunub
02 fevral 2010 20:00 (UTC +04:00)

Hərbi hissədəki qanlı hadisə ilə bağlı vəzifəli şəxslər həbs olunub

“2010-cu il yanvarın 28-də Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində zabit və əsgərlərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Hadisə barədə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal məlumatlandırılıb və dövlət başçısının göstərişinə əsasən, Müdafiə və Milli Təhlükəsizlik nazirlikləri, Respublika Hərbi Prokurorluğunun rəhbər heyətinə daxil olan məsul şəxslər, habelə yüksək ixtisaslı mütəxəssislər hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün hadisə yerinə ezam olunublar”.


Lent.az-ın məlumatına görə, bunu Azərtac-a Azərbaycan Respublikasının baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov deyib.



Baş prokuror faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla, Respublika Hərbi Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını söyləyib. Onun sözlərinə görə, dərhal təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin icrasına başlanılıb. Həmin tədbirlər bu gün də eyni intensivliklə davam etdirilir.


“Qeyd edilməlidir ki, dövlət başçısının gündəlik nəzarətində olan və araşdırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilən bu faciəli hadisə barədə Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu tərəfindən ictimaiyyətə ilkin məlumatlar çatdırılsa da, bu hadisədən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan ayrı-ayrı şəxslər tərəfindən kütləvi informasiya vasitələrində obyektiv reallığa əsaslanmayan qərəzli çıxışlar edilir, konkret sübutlara əsaslanmayan fərziyyələr irəli sürülməklə ictimai rəy çaşdırılır, bununla da ağır itkilərə məruz qalmış zabit və əsgərlərin ailə üzvlərinin heysiyyatına toxunan hərəkətlərə yol verilir”, - deyə Z.Qaralov qeyd edib.


Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədlərinə xidmət etməklə müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük işlərə kölgə salmağa yönəlmiş bu cür qərəzli və obyektiv reallığa əsaslanmayan fikirlərin kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.


Məlumat üçün ictimaiyyətin diqqətinə çatdırılır ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən hərbi hissənin vəzifəli şəxsləri - divizion komandirinin müavini mayor Vələd Qurbanov və tağım komandiri baş leytenant Rüstəm Əhmədov 2010-cu il yanvarın 28-də tabeçilikdə olan tağım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoymaqla divizionun ərazisini tərk etmələrinə şərait yaratdıqları, habelə hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol vermələri müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və barələrində hərbi məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar