Türk iş adamı Bakıdakı məhkəməyə gəlmədi
22 yanvar 2010 18:00 (UTC +04:00)

Türk iş adamı Bakıdakı məhkəməyə gəlmədi

Azərbaycan məhkəməsi Tuqay Ərdoğanın iddiasını baxılmamış saxladı

Türkiyə Cümhuriyyətinin vətəndaşı, iş adamı Tuqay Əli oğlu Ərdoğanın 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə etdiyi iddia ərizəsi baxılmamış saxlanılıb. Lent.az-ın məlumatına görə, buna səbəb iş adamının məhkəməyə gəlməməsi olub. İş adamının borcunu tələb etdiyi “Akt-İnşaat Təmir-Tikinti” MMC-nin nümayəndəsi də məhkəməyə qatılmayıb. Bu səbəbdən, qarşılıqlı iddia da baxılmamış qalıb.

Qeyd edək ki, Ərdoğan “Akt-İnşaat Təmir-Tikinti” MMC-nin ona olan borcunun ödənilməsini tələb edirdi. Borcun məbləği isə iddia ərizəsində 155 330 manat göstərilib.

Belə ki, iş adamı Tuqay Əli oğlu Ərdoğanla “Akt-İnşaat Təmir-Tikinti” MMC arasında 4 dekabr 2008-ci ildə alqı-satqı əməliyyatları aparılmasına dair müqavilə imzalanıb. MMC-yə pərdə, dayaq qəlibləri və s. kimi mal təhvil verən Ərdoğan müxtəlif vaxtlarda sifariş olunan malların haqqını alıb. Lakin sonradan ona verilməli olan vəsaitin bir hissəsi – 155 330 manat ödənilməyib. Bu səbəbdən də o, borcunu tələb edirdi.

Həmin məhkəməyə qarşılıqlı iddia ərizəsilə müraciət edən “Akt-İnşaat Təmir-Tikinti” MMC isə günahı Ərdoğanda görürdü: MMC iş adamının sifarişləri müqavilədə göstərilən tələblərə uyğun şəkildə yerinə yetirilmədiyini, quruma 268 235 manat məbləğində ziyan vurduğunu iddia edərək Ərdoğandan bu qədər vəsait tələb edirdi.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar