Fransa vətəndaşına qarşı quldurluq edən dəstənin məhkəməsi başladı
22 yanvar 2010 13:15 (UTC +04:00)

Fransa vətəndaşına qarşı quldurluq edən dəstənin məhkəməsi başladı

Dəstə üzvləri Azərbaycan, Gürcüstan və Qazaxıstan vətəndaşlarından ibarətdir

Yanvarın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə quldurluqla və soyğunçuluqla məşğul olan Azərbaycan , Qazaxıstan və Gürcüstan vətəndaşlarından ibarət dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan vətəndaşları 1985-ci il təvəllüdlü Sərxan Həsənov, 1981-ci il təvəllüdlü Şahin Əhədov, 1988-ci il təvəllüdlü Rəşad Cavadov, Qazaxıstan vətəndaşı 1990-cı il təvəllüdlü Anar Musayev və Gürcüstan vətəndaşı 1990-cı il təvəllüdlü Fərhad Musayevin cinayət işi üzrə məhkəmə baxışı yanvarın 27-nə təyin olunub.

İttihama görə, adı çəkilən şəxslər 2009-cu ilin avqustunda 1-ci Zabrat qəsəbəsi ərazisində, Bakı şəhər sakini Rəşad Cavadova qarşı zor tətbiq edərək onun mobil telefonunu, 70 manat pulunu, 1 gümüş boyunbağısını və 2 gümüş bilərziyini zorla alıblar.

Bundan başqa dəstə üzvləri Fransa vətəndaşına qarşı quldurluq əməli törədiblər. Belə ki, 2009-cu ilin iyulun 24-də internet vasitəsilə tanış olduqları Üzeyir Hacıbəyov küçəsi ev 46, mənzil 11-də müvəqqəti yaşayan, Fransa vətəndaşı, 40 yaşlı Derbax Nikolasın mənzilinə daxil olub ona qarşı zor tətbiq edərək, əl-qolunu bağladıqdan sonra mənzildə olan 1 ədəd kompüteri aparıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.3-cü (soyğunçuluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunurlar.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar