Təcrübəli stüardessa xüsusilə tək səyahət edən turistlərə otel otağının təhlükəsizliyini yoxlamaq üçün sadə, lakin maraqlı üsul tövsiyə edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, KLM aviaşirkətinin stüardessası Ester Sturrusun sözləinə görə, otağın təhlükəsizliyi üçün adi su şüşəsindən istifadə etmək kifayətdir.
Stüardessanın sözlərinə görə, otağa daxil olduqdan sonra su şüşəsini çarpayının altına diyirlətmək lazımdır. Əgər şüşə çarpayının digər tərəfindən çıxarsa, bu, alt hissədə maneənin olmadığını göstərir.
Ester Sturrus TikTok-da paylaşdığı videoda bildirib ki, əgər şüşə digər tərəfdən çıxmazsa, bu, narahatlıq üçün səbəb ola bilər və həmin halda əlavə ehtiyat tədbirləri görmək məqsədəuyğundur.
O vurğulayıb ki, çarpayının altında həqiqətən kiminsə gizlənməsi ehtimalı çox aşağıdır. Bununla belə, bu sadə üsul xüsusilə tək səyahət edən və səfərlər zamanı narahatlıq keçirən insanlara özlərini daha rahat və təhlükəsiz hiss etməyə kömək edə bilər.
Stüardessanın paylaşımına yazılan rəylər göstərib ki, bir çox səyahətçi bu üsuldan əvvəllər xəbərsiz olub. İstifadəçilər bu məsləhəti çox faydalı adlandıraraq onun praktik olduğunu qeyd ediblər.