“Zənciri belimə bağladım, maşının dalınca sürüdülər...” – ƏSİR DÜŞƏRGƏSİ
10 avqust 2020 16:55 (UTC +04:00)

“Zənciri belimə bağladım, maşının dalınca sürüdülər...” – ƏSİR DÜŞƏRGƏSİ

Müharibə ilə bağlı ən böyük təsəllilərdən biri onun nə vaxtsa başa çatmasıdır. Səngərdən-səngərə atılan kişi də, sağ qalmaq uğrunda çarpışan qadın da, gəlinciyi, əmziyi əlində hələ həyatla tanış olmadan ölümlə tanış olan uşaq da bir gün müharibənin bitəcəyinə inanır.

Bəli, heç bir müharibə əbədi deyil. Ancaq bu fikir yalnız savaş meydanında keçərlidir.

Güllələr susandan, zəfər qazanılandan, məğlubiyyət elan olunandan sonra insan oğlu başa düşür ki, sən demə, onun müharibəsi heç vaxt bitməyəcək.

Bütün müharibə iştirakçılarının öz savaşı var və bu onları son mənzilə qədər izləyir. Müharibə adamı atəş səsini son nəfəsinə qədər eşidir... O, müharibənin dəhşətlərindən qorunmaq üçün özünə tapınır, qəlbini sığınacağa çevirir – nadir hallarda öz savaşından danışır. Çünki onu anlamaq çətin olur – səmada uçan təyyarə milyonlar üçün səyahət deməkdirsə, müharibə adamı üçün bombardmanın əlamətidir... Nə olsun ki, qırıcı deyil?

“Əsir düşərgəsi”nin qəhrəmanları da təpədən dırnağa müharibə adamlarıdır. Həm də müharibənin günahsız qurbanları. Çünki müharibədə iştirak etmək onların seçimi deyildi. Mənhus savaş onları öz evlərində, həyətlərində, həyatlarında yaxaladı. Əllərinə silah belə almayan bu sülhsevər insanlar müharibənin ən ağır meydanına düşdülər – əsir düşərgəsinə.

2014-cü ildən başlayaraq, Lent.az-da “Əsir düşərgəsi” layihəsi çərçivəsində bu insanların – Qarabağ müharibəsində girov düşənlərin həyat hekayəsini təqdim edirik. Layihə çərçivəsində tarixin rəfinə səhifələri ağrılı-acılı insan taleyilə dolu iki kitab - “Cəhənnəmdə böyük çığırtı” və “Əsir düşərgəsi” təqdim etmişik. Ancaq missiya tamamlanmayıb. Hədəfimiz odur ki, ölkədə hekayəsi yazılmayan bir nəfər də girov qalmasın. Bu yolda siz oxuculardan dəstək istəyirik – tanıdığınız girovların taleyinin tarixdə qalması üçün bizimlə əlaqə saxlayın. Etiraf etmək lazımdır ki, layihəyə müsahib tapmaq çətindir, çünki kimsə keçmişi xatırlamaq istəmir, axı hələ keçməyib. Hələ yarası təzədir... Sağalmasını istəyir...

Budəfəki müsahibim də xeyli tərəddüd etdi. Ancaq sonunda razılaşdı. Nə yaxşı ki, razılaşdı. Çünki bu onun sonuncu müsahibəsi oldu... Zəngilan rayonunun Mincivan qəsəbə sakini, Qarabağ müharibəsində girov götürülən Abbas Şahməmmədovla söhbətimiz yazıya çevriləndə artıq özü həyatda olmayacaqdı...

Müsahibin həyatda olmadığı bir vaxtda onun ağrılı səs yazısını dinləyib materialı hazırlamaq nə qədər çətin olsa da, əgər həqiqətən də başqa bir dünya varsa, O artıq həmin dünyada əzabsız yaşayır düşüncəsi insanı sakitləşdirir...

Lent.az ailəsi adından Abbas Şahməmmədova rəhmət diləyir, ailəsinə səbir arzulayırıq...

***

...Qəribə idi, müsahibəyə razılıq versə də, ünvanı demədi: “Bayıl dairəsinə gəlib, mənə zəng edin!”

Zəngdən bir neçə dəqiqə keçməmiş qarşımızda dayanan taksidən sürücü fotoqrafımızla məni səslədi: “Əyləşin, mənəm, Abbas əmidir!”

Çox mülayim, gülərüz siması var idi Abbas əminin.

“Sizə əziyyət oldu, ünvanı desəniz, özümüz...” sözümü yarımçıq kəsdi:

- Qızım, bizim evi ünvanla tapmaq çətin olar! Özüm gəlib aparmasam, heç kəs gəlib ora çıxa bilməz. Bizim arvad, Əminə xalan buranı necə tapıb, bir allah bilir... Gözdən-qulaqdan uzaq bir yerdir! Mən girovluqdan qayıdandan sonra sakitlik lazım idi deyə çəkildik bura... Hə, şüşələri qaldırın, indi içəriyə toz dolacaq...

Avtomobil torpaq yola burulanda şüşələri qaldırdıq. Sanki toz dumanı da şüşələrlə bir yerdə qalxıb, reallıqla aramızda keçilməz sədd yaratdı, hər tərəf ağappaq oldu! Eyni ilə filmlərdəki kimi, sanki başqa bir dünyaya qədəm basdıq. Qarışıqlığın, toz-dumanın o üzündə Abbas kişinin ağrı-acı ilə dolu öz dünyası var idi...

- Buyurun, düşün! Çatdıq!

Avtomobildən enib, ətrafa nəzər salanda gözümüzə ancaq qarşısında dayandığımız köhnə UAZ avtomobili dəydi. Bir də köhnə tikili... Ətraf bomboş idi. Hətta burada insan olduğuna şübhə edirdik ki, Abbas kişi hündürdən çağırdı:

- Əminə, ay Əminə! Qonaqların gəlib! – Bizə tərəf döndü: - Ürəyi gedir qonaqdan ötəri, yaman insan istəyəndir. Elə istəyir ki, qonaq gəlsin, oturub saatlarla onunla söhbət eləsin...

Əminə xanım elə həyat yoldaşının təsvir etdiyi kimi insansevər və söhbətcil idi. Hətta bu hekayətin yazılmasında da onun böyük xidməti var. Çünki qəhrəmanımın xatırlamadığı və yadına salmaq istəmədiyi nələr vardısa, Əminə xanım bizə bir-bir danışdı... Fotoqrafımız İlkinlə illərin, çətinliklərin, müharibənin sınağından çıxan bir sevgi, sədaqət hekayəsini dinləyirdik. İçində ölüm, ayrılıq, müharibə, girovluq və daha nə qədər məşəqqət olan hekayə...

***

27 oktyabr, 1993-cü il...

- Əminə, ay Əminə! Abbas evdədir? – qonşu Xeyransa təlaşla soruşanda Əminə əhvalını pozmadan cavab verdi:

- Qonşu kənddəki yaralıları xəstəxanaya aparıb, ancaq harda olsa, indi gələr. Yeməyim hazırdır, Abbas nahara özünü evə çatdırır, gəl, qalx yuxarı...

- Bu nə arxayınlıqdır, erməni kəndə girir, camaat kənddən çıxmağa maşın axtarır, sən də oturub nahar hazırlayırsan... Deyirdim Abbas evdədirsə, bizi də Arazın qırağınacan aparardı...

Əminə evdən özünü həyətə necə atdığını bilmədi. Xeyransa arvad davam edirdi:

- Deyir, bizim hökumət İranla danışıb, sərhədi açıblar. Camaat hamısı Arazı adlayıb, keçir İran tərəfə... Burada qalsaq, erməni hamımızı qıracaq... On beş dəqiqəyə kənddən çıxdıq, çıxdıq! Çıxmadıq, ermənilər kəndə girir... Tez Abbası tap, özünə, balalarına yazığın gəlsin!

Xeyransa arvad qapıdan çıxırdı ki, Abbas gəldi...

Bir neçə dəqiqədən sonra Xeyransa arvad, iki qızı, nəvəsi, Əminə və oğlanları Rövşənlə Ramil təcili yardım maşınında əyləşmişdilər. Abbas sükan arxasına keçmək istəyəndə, Əminə aşağı endi:

- Dayan! Dolu evimizdən boş çıxırıq! Heç olmasa bir neçə günlük azuqə götürək! Arazın qırağında bizim kimimiz var? Kimdir hayımıza gələn? Qoy görüm evdən nə tapıram...

Əminə qaçaraq evə girəndə onu tələsdirmək üçün Abbas da ardınca girdi. Əminə qucağında yenicə aldığı tikiş maşını ilə çıxdı:

- Təptəzədir! Dara düşsək, satıb uşaqların yeməyinə, içməyinə verərik! – deyib, tərs baxışlarla Abbasa baxaraq, başını buladı. Tikiş maşınını avtomobilə qoyub, geri qayıtdı. Vannanı su ilə doldurub gətirdi, döşəməni yuduğu ağacı götürdü:

- Qıçın qırılmasın, ay Abbas! Evi gül kimi təmizləmişəm, sən də içəri palçıqlı ayaqqabı ilə girmisən!

- Əminə, erməni kəndə girir! Ev təmizləmək vaxtıdır?! – Abbas hövsələdən çıxdı.

- Evimi erməniyə verib getmirəm ki! Müvəqqəti Arazın kənarına çəkilirik, ara sakitləşən kimi geri qayıdacağıq! Evi çirkli qoyub gedə bilmərəm! Yeməyin altını indi bağlamışam, ev də tərtəmiz, gül kimi!

- Bir tərəfdən gedib tikiş maşınını götürür ki, satıb çörəyə verəcək! O biri tərəfdən də evi təmizləyir ki, geri qayıdacaq! Pah atonnan! Hələ bu arvad tayfasını başa düşən olmayıb!

Əminə qapını bağlayıb, açarları cibinə qoyaraq, avtomobilə əyləşdi:

- Hə, indi gedək!

Maşın yerdən götürülüb, üzü Araz çayına sarı yollandı...

***

Xeyransa arvad haqlı idi, İran tərəfi həqiqətən camaatın kənddən çıxmağına kömək edirdi. Sanki Araz çayı özü də bu işdə dəstək olurdu – suyu azalmışdı. İnsanlar Araz çayının ən dayaz yeri ilə kəndi tərk edirdilər...

Bu dayaz yerdə belə kimi inəyini, kimi qoyununu sudan keçirə bilməyib, çay aşağı axıdır, sonra başına-gözünə döyürdü...

Abbas çayı keçib, yoxuşu qalxanda maşın dayandı. Aşağı enib, yoxladı:

- Lənət şeytana, difer dağılıb...

Geriyə, artıq Arazın o üzündə qalan kəndə boylandı. Tanıdığı kəndliləri, yaxın kəndlərdən qaçıb bu kəndə sığınan insanlar, hamısı Arazın bu üzünə keçirdilər. Geriyə qayıtmaqla bağlı tərəddüd edirdi ki, Kamran kişinin çayı keçdiyini gördü:

- Ay Kamran, dayan e!

- Nədir, ay Abbas?

- Görən ermənilər kəndə girib?

- Yox, hələ girməyib. Mən gedirəm evdən toyuqdan-cücədən gətirəm, nə qədər ki, Arazın qırağındayıq, yeyək, ac qalmayaq...

Abbas ürəkləndi:

- Əminə, burada gözləyin, evdə ehtiyatım var, gedirəm gətirəm... Düzəldim, yola düşərik!

- Ay Abbas, yeməyin altını indicə sönürmüşəm, gələndə qazanı da götür!

Abbas çayı keçib, o üzdən bir də qışqırdı:

- Əminə, durduğunuz yerdən tərpənməyin!

Rövşənlə Ramil Abbasın arxasınca çayı keçdilər:

- Ata, biz də səninlə gedirik!

- Hava soyuqdur, ananızla qalın!

- Qaça-qaça beş dəqiqəyə gedib, gələcəyik!

- Yox, ananızın yanında qalın, mən özüm tez götürüb gələcəyəm. Siz düzəltməyə kömək edərsiniz, yolumuza davam edərik... Çayı keçib, geri qayıdın... Yad yerdə ananızı tək qoymayın!

Uşaqlar narazı halda geri dönəndə Abbas arxadan Rövşəni çağırdı. Rövşən sevincək geri qayıtdı. Abbas üstdən geyindiyi sırıqlını çıxardıb, Rövşənə geydirdi:

- Geyin, bala! Sənin əynin lap nazikdir. Soyuqdur, çayın da kənarı lap sərindir... Hava da yaman tutulub, deyəsən yağacaq... Qoy canını isti tutsun... Di qayıt geri, ananın yanından ayrılma!

Abbas bir neçə dəqiqənin içində üzümlükdə gözdən itdi...

***

Abbas tələsə-tələsə evə yaxınlaşanda qəfil xatırlayıb, əlini dizinə çırpdı:

- Pah! Açar qaldı Əminədə! İşə bax e, tələsik gəl, amma açarı götürmə... Eybi yox, barıdan aşaram... Yox e, dee, polisin maşını dayanıb, gəlib deyəcək xeyir olsun, kənddə heç kim yoxdur, sən barıdan aşırsan?! Yox, bəlkə heç nə deməz. Hər halda əvvəlcə bir hal-xoş edim görüm vəziyyət necədir, bəlkə heç tələsmək lazım deyil! – Üzü polis maşınına tərəf harayladı – Ay uşaqlar, ay sizə qurban olum, vəziyyət necədir?

- Türkdür! Tutun! – Abbas addım atmağa macal tapmamış polis maşınından enən bir neçə erməni hərbçisi qollarından yapışdı.

- Evin haradadır?

- Budur...

- Evdə nəyiniz var?

- Hər şeyimiz var...

- Aç qapını...

- Açarım o tayda qaldı...

Gülüşdülər:

- Olmaz sizin qonaqpərvərliyinizdən! Qapını sındır...

Abbas nə vaxtsa erməni ustaya düzəltdirdiyi taxta qapıya baxdı... Necə sındırsın? Öz evinə oğru kimi girsin?

- Bu “kubik”, bu da qapı! Götür vur qapıya, sınsın! Yoxsa səni qapıya o qədər çırparıq ki, taybatay açılar!

Abbas daşı yerdən qaldırıb, qapıya atdı. Daş qapıya dəyib, geri qayıdanda Abbas kənara atıldı. Ona elə gəldi ki, onun üstünə qayıdan daş deyildi, qapısı idi. Deyirdi ki, axı sənin evin məndən başlayır... Abbasa elə gəlirdi ki, həyatında ilk dəfə xəyanət edir...

***

Abbas illər keçəndən, artıq 70 yaşını tamamlayandan sonra o hadisəni belə xatırlayacaqdı:

- Qızım, mən öz qapımı “kubik”lə sındıra bilmədim, bu çox ağır idi... Onlar məni heç vaxt başa düşə bilməzdilər, gözləri dönmüşdü. Bir anın içində avtomatla atəş açıb, qıfılı sındırdılar... Gördülər ev də doludur, həyət də... Bizə qədər qarşılarına nə çıxmışdısa götürmüşdülər. Evləri soyub, qarət edirdilər. Kəndə girdikləri bir neçə dəqiqə idi, bizim polislərin maşınlarını da öz maşınları kimi sürürdülər. Elə məni də maşınların nömrəsi çaşdırdı. Bilsəm, çəkilib bir kənarda gizlənər, geri qayıdardım...

- Siz tək idiniz, yoxsa kənddən başqa kimisə də tutmuşdular? Kamran da geri qayıtmışdı...

- Tutmuşdularsa da, mən görmədim. Mənimlə bizim evə iki nəfər girdi. Hər işi özümə gördürdülər. Öz evimi əllərimlə daşıyıb, onların maşınına yüklədim...

- Ancaq əşyaları götürdülər?

- Yox, toyuq-cücəni, qazı-ördəyi də! Dedilər ki, bunların başını kəs... Mən də gedib qarajdan əl baltasını gətirdim. Çalışırdım ki, imkan düşən kimi onları nə iləsə vurum. Evin altından kanalizasiya xətti gedirdi, düşündüm ki, gedib girərəm o qamışlığa, gecə çıxaram. Alınmadı... Evə girib çıxırdım, çalışırdım imkan yaransın, ancaq mümkün olmadı... Ördəyi, qazı kötüyün üstünə qoyub, başını vurdum... Dedilər bişirmək lazımdır, dedim gərək tükünü yolaq... Dedilər yox, vaxtımız azdır... Nə isə, bütün evimi mənə daşıtdırıb, URAL avtomobilinə yüklədilər... Arada da avtomatın qundağı ilə vururdular ki, “yavaş, sınar!”

Evimin mebelindən, xalçasından tutmuş, həyətimin toyuq-cücəsinə qədər maşına yığıb, bortunu bağlayandan sonra tapşırdılar ki, “zənciri aşağı endir”.

Hardasa 3-4 metr uzunluğunda qalın zəncir idi... Endirdim...

Dedi, ilgək vur...

Vurdum... Zəncir əlimdə idi...

Dedi, ucunu qoş maşına...

Qoşdum...

Ayağı ilə vurdu və zəncir belimdə kipləşdi... Maşın tərpəndi...

Susdu... Dodaqları əsirdi... Əminə xanım qaldığı yerdən davam etməyə cəhd etdi:

- Qızım, başına çox iş gəlib, danışmır, içində çəkir. Zəncirlə maşına bağlayıb, 2-3 kilometr yolu sürüyüblər...

- Əminə, bəsdir!

- Danışsın...

- Yox, Əminə! Sus...! Qurtar...!

- Onda siz danışın...

- Nə deyim, sürüdülər... Xeyli sürüdülər... Dəmir Yol Stansiyasına qədər... Orada maşını saxlayanda düşüb gəldilər yanıma... Ətrafa baxdım ki, üstü yorğan-döşəkdən, xalçadan tutmuş, pianoya, toyuq-cücəyə qədər yüklənmiş maşınlar var. “Dom briqada”ya od vurmuşdular, yanırdı... Onun arxasında isə yaşayış binası var idi... Binanın üstünə vurulan lövhəni göstərib, dirəndilər ki, oxu! Neçə kilometr yolu avtomobilin arxasına bağlanıb sürünən adam onu necə oxusun...? Amma... çox möhkəm vurdular... Vurandan sonra oxudum... Qara, böyük hərflərlə yazılmışdı: “Biz ölərik, Qarabağı vermərik”. Soruşdular ki, “Bəs niyə aldıq?” Daha nə deyim, qızım? Susdum...

Davamı olacaq...

Növbəti bölümdə:

 

- Şüşə qırılıb dağılmışdı, dedilər “topla”. Mən də təmizlədim, atanda dedilər, “tullama, at ağzına!” Şüşə ovuntusunu çeynəməyə çalışırdım...

- Balalarımla Arazın sahilində oturub, gözümü bu taya dikmişdim, Abbası gözləyirdim. Oktyabr ayında qaranlıq tez düşür, ona görə də çayı keçənlər də narahat idi, əllərindən nə isə düşəndə tapmaq çətin olurdu... Neçə nəfər evinin açarını çayda itirdi, axtarırdı... Axı hardan ağlımıza gələrdi ki, bu açarı bərk-bərk saxlamağa gərək yoxdur, o bir də heç vaxt bizə lazım olmayacaq?

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 53041
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar