Yer kürəsinin necə yaranması barədə alimlər yeni araşdırma aparıb.
Lent.az xəbər verir ki, Almaniyanın Münster Universitetinin alimləri Xristof Burkhardtın rəhbərliyi altında aparılan araşdırma zamanı belə nəticəyə gəlinib ki, Yer və Mars planetləri Ay kimi iri kosmik obyektlərin toqquşması nəticəsində yaranıblar.
Xatırladaq ki, Yer kürəsinə bənzər planetlərin yaranmaları üzrə iki nəzəriyyə mövcuddur və həmin nəzəriyyələrdən biri dolayı yol ilə təsdiqlənib. Klassik modelə əsasən “planetar embrionlar” adını alan nəhəng kosmik obyektlər Günəş sisteminin daxilində bir-biriləri ilə toqquşaraq Yer kürəsinə bənzər planetləri yaradırlar. Digər alternatv konsepsiyaya əsasən isə bu cür planetlər Günəş sisteminin xaricindən Günəşə tərəf istiqamət almış kiçik kosmik fraqmentlər vasitəsilə yaranırlar.
Hər iki konsepsiyanı qiymətləndirmək üçün alimlər Marsdan Yer kürəsinə gəlib çatan 17 ədəd meteoritin ümumilikdə 22 qram materialını analiz ediblər. Alimlər Mars ilə Yer kürəsi nümunələrindəki titan, sirkonium və molibden elementlərinin tərkiblərindəki izotopları Günəş sisteminin daxili və xarici meteoritlərinin tərkibləri ilə müqayisə ediblər.
Onlar belə nəticəyə gəliblər ki, Mars ilə Yer kürəsi nümunələri tərkiblərinə görə Günəş sisteminin daxili meteoritləri ilə eynidirlər. Onların sözlərinə görə, Mars ilə Yer kürəsi əsasən Günəş sisteminin daxilində rast gəlinən materiallardan ibarətdirlər.
Araşdırmalar zamanı bu iddiaya gəlinib ki, hər iki planetin yalnız bəzi materialları Yupiter orbitinin sərhədlərinin kənarlarından gəliblər. Bundan əlavə, bu tədqiqatın nəticələri Yer kürəsinin necə formalaşdığı ilə bağlı daha fundamental suallara cavab tapmağa imkan verir.
Digər ulduzların yaxınlıqlarında böyük olmayan kosmik fraqmentlər sayəsində planetlərin formalaşması mümkün olsa da, lokal Günəş sistemində Yupiter Günəşə doğru getmiş kiçik fraqmentlərin böyük hissəsini özünə tərəf çəkib. Alimlərin sözlərinə əsasən əgər Yupiter olmasaydı indi Super Yer kürəsində (kütlələri Yer kürəsinin kütləsindən böyük, lakin qaz nəhənglərinin kütlələrindən kiçik olan planetlər) və ya mini Neptunda mövcud olardıq.