İraqın Səlahəddin vilayətinin Tuzhurmatu rayonunda yas mərasiminə hücum olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 42 nəfər ölüb. Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, terrorçu üzərindəki partlayıcı ilə məclisə daxil olub və üzərində olan partlayıcını partladıb.
Hadisə nəticəsində 75 nəfərin də yaralandığı bildirilir. Yaralananlar arasında yas məclisində iştirak edən İraq Milli Məclisinin türkmən əsilli millət vəkili Fevzi Əkrəm, İraq Türkmən Cəbhəsinin (ITC) sədr müavini Əli Haşim Muhtaroğlu və Kərkük Məclisinin üzvü Münir Kafilin də var.
Baş vermiş hadisə Türkiyənin sərt reaksiyana səbəb olub. Adıçəkilən ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, rəsmi Ankara bu hücumu qınayır, hücumda həyatını itirənlərin Allahdan rəhmət, yaralılara şəfa diləyir: “Türkiyə İraqda son zamanlar terror aktlarının sayını artmasını böyük narahatçılıqla izləyir. İraq xalqına dəstək olmaq üçün bütün imkanlarını səfərbər etməyə hazırıq”.