Yanmış azərbaycanlının yanından məktub tapılıb: “Tı kto takoy, davay, do svidaniya” - YENİLƏNİB
11 yanvar 2013 17:50 (UTC +04:00)

Yanmış azərbaycanlının yanından məktub tapılıb: “Tı kto takoy, davay, do svidaniya” - YENİLƏNİB

Ukraynanın Xerson şəhərində yanmış Azərbaycan vətəndaşının yanından məktub tapılıb. Məktubda “Tı kto takoy, davay, do svidaniya” sözləri yazılıbmış.  Bu barədə lent.az-a Ukraynadakı mənbə bildirib.

Mənbənin dediyinə görə, bu fakt hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini cəlb edib.  Hadisənin milli zəmində baş verməsi ehtimal edilir.

 

***

15.31

Xatırladaq ki, dünən Ukraynanın Xerson şəhərində  Azərbaycan vətəndaşının meyiti tapılıb. Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, soydaşımızın cəsədi yarımçıq qalan tikilidə stula bağlı, yanmış halda aşkar olunub. Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, hadisə ilə əlaqədar həmin şəhərdəki azərbaycanlılarla əlaqə saxlayıb: “Həmin şəxs tikinti şirkətlərinin birində mühafizəçi işləyib. Ekspertlərin ilkin gəldiyi rəy bundan ibarətdir ki, soydaşımız keyfiyyətsiz araq içərək zəhərlənib, ölüb. O ki qaldı onun yanmağına, ilkin ehtimala görə, yanğına səbəb çəkdiyi siqaret olub”.

 

Konqres sədri onu da vurğulayıb ki, hazırda istintaq davam etdirilir. “Ölən vətəndaşımızın hansı rayondan olması ilə bağlı dəqiq məlumatım yoxdur.  O ki qaldı  deputat Fyodor Neqoyun “azərbaycanlılar və gürcüləri Ukraynadan qovmaq lazımdır” bəyanatından sonra bu kimi hadisənin törədilməsi ehtimalına, bildirim ki, bunun nə deputatla, nə də deputatın bəyanatı ilə heç bir əlaqəsi yoxdur” - deyə, R. Tağıyev əlavə edib.

 

Başqa mənbələrdən aldığımız məlumatda həmyerlimizin ölümü ilə bağlı maraqlı məqamlar var. Məsələn, onun öldüyü yer Xerson şəhərinin 3 rayon məhkəməsinin yerləşdiyi binaya demək olar ki, bitişikdir. Şəhərin Komsomolski rayon polis idarəsi isə hadisə yerindən 50 metr kənarda yerləşir. Və əgər həmyerlimiz stula bağlı halda yanıbsa, ən azı bu qurumlardan yaxınlıqda alovun niyə baş verdiyini aydınlaşdırmaq üçün reaksiyalar olmalıydı.

 

İkincisi, həmyerlimizin yanmış meyiti stula bağlı halda tapılıb. Elə ən çox şübhə doğuran da bu məqamdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4972

Oxşar yazılar