Tehran hakimiyyəti təmsilçiləri atom-nüvə proqramına görə, tətbiq edilən sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir göstərmədiyi haqda verdiyi bəyanatların yersizliyi görünməkdədir.
Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, Tehran hakimiyyəti ölkə əhalisinə birdəfəlik yardım paylasa da bu, mövcud sosial problemi həll etməyib.
İrana qarşı beynəlxalq sanksiyaların gücləndirilməsi ölkənin iqtisadi durumunu daha da çətinləşdirib.
Ölkəyə ABŞ dolları məzənnəsinin son bir neçə gündə yenə qalxıb. Bir dollar 70000 rial olub. Milli pulun dəyərinin kəskin düşməsi gündəlik tələbat, başlıca olaraq, yeyinti məhsulların qiymətinin artması ilə müşayiət edilib.
Son günlər ölkənin bir sıra şəhərlərində ərzaq məhsullarını almaq üçün böyük növbələr yaranıb.
Ölkədə yaranmış iqtisadi böhran isə alıcılıq qabiliyyətini sürətlə itirən kasıb vətəndaşların ucuz ərzaq məhsulları satan mağaza və obyektlər qarşısında toplaşmasına səbəb olub. Belə yerlərdən biri də Şəhriyar şəhərində Hindistanın ucuz düyü sortlarını satan mərkəzlər qarşısında yaranmış uzun növbələrdir. Əhali bir-iki kilo Hindistan düyüsü almaq üçün saatlarla dayanır, ya da növbə saxlamaq üçün ad yazdırırlar.
İran parlamentinin dərman və səhiyyə komissiyasının üzvü Məsud Pezeşkian isə hökumətin gələn ilin büdcə layihəsini parlamentə təqdimini gecikdirməsini pisləyib.
O, jurnalistlərə açıqlamasında deyib: “Konstitusiyanın qoruyucusu olduğunu iddia edən hökumət belə bir böhranlı şəraitdə qanunu pozur, onu istədiyi kimi yozaraq icra edir. Əgər pul yoxdursa, heç kəs üçün olmamalıdır. Parlamentin, hökumətin, Məhkəmə Sisteminin və digər boynuyoğunların özləri üçün zəngin süfrə açıb ən dadlı yeməkləri yedikdən sonra kasıb insanlara “iqtisadi çətinliyə dözün” deməsi düzgün deyil.
Əgər çətinliyə dözmək lazımdırsa, hamı buna dözməlidir. Bəzilərinin özlərini bu çətinlikdən kənara çəkməsi, xalqa isə “iqtisadi vəziyyət ağırdır, siz buna dözməlisiniz” deməsi düzgün deyil. Hesab edirəm ki, hazırkı şəraitdə istənilən çatışmazlıq hamıya şamil edilməlidir”.