“Reuters” agentliyi Azad Suriya Ordusu tərkibində döyüşən əcnəbi üsyançılarla reportaj hazırlayıb.
APA-nın verdiyi məlumata görə, reportaj hazırlanan üsyançılarda biri də azərbaycanlı olub. “Reuters”in yazdığı kimi, özünü Əbu-əl-Həris adlandıran Azərbaycandan olan 27 yaşlı şəxslə reportaj üsyançıların nəzarətində olan Karm-əl- Cabal vilayətində hazırlanıb: “Bu, mənim cihad uğrunda ilk döyüşümdür. Dünyada Bəşər kimi pis adam yoxdur. Hətta Stalin onunla müqayisədə daha mərhəmətli olub”. “Reuters” Suriya müxalifəti sıralarında döyüşən azərbaycanlının başında xizək maskası və geyindiyi hərbi formanın üzərində islam şüarı olduğunu bildirir.
Hələb şəhərində bombardmana məruz qalmış binanın yanında ocağın ətrafına toplaşmış əcnəbilər qeyd ediblər ki, onlar Suriyada radikal islam dövləti uğrunda döyüşürlər: “Onlar üçün yerli üsyançıların prezident Bəşər Əsədi hakimiyyətdən devirmək istəyib-istəməməsinin heş bir fərqi yoxdur”.
Qeyd edək ki, “Reuters”ə açıqlama verən əcnəbi silahlılar arasında Türkiyə vətəndaşı da olub.