Gürcüstan prezidenti Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmiryolu (BTQ) layihəsinə görə baş nazir Bidzina İvanişvilini tənqid edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü ali məktəblərinin tələbələri ilə görüş zamanı prezident baş nazirin Bakıya səfəri zamanı açıq etirafına münasibət bildirib: “Baş nazir Bakıya səfərə getdi və orada bəyanat verdi ki, onun BTQ layihəsi barədə bəyanatı tələsik verilib.Səfər zamanı o, bu bəyanatı təkzib edib və sözlərini geri götürüb. Baş nazirin üç gün bundan əvvəl Tiflisdə vacib bir məsələ barədə verdiyi bəyanat ölkədə xaos və inamsızlıq yarada bilər”.
Prezident Su Elektrik Stansiyalarının tikintisinin dayandırılmasına da etirazını bildirib: “Bu tikintilərin dayandırılması 20 min nəfəri işsiz qoyar. Gürcüstan yenə Rusiyadan asılı vəziyyətə düşə bilər.”
Qaz tarifinin aşağı endirildiyini bildirən prezident Saakaşvili bu endirimin cəmiyyət üçün əhəmiyyət kəsb etmədiyini söyləyib.
Prezidentin fikirincə, belə bəyanatlar ölkəyə sərmayə yatırmaq istəyən iş adamlarını şübhəyə salır: “Onlar Gürcüstan iqtisadiyyatına sərmayə yatırmaq istəmirlər. Bu, da ölkə iqtisadiyyatına zərbə vurur”.
Qeyd edək ki, Bidzina İvanişvili “Gürcüstanda qaz tarifinin azaldılması problemi Azərbaycana aid deyil” bəyanatını Tiflisdə jurnalistlərlə keçirdiyi mətbuat konfransında bəyan edib:“Ölkədə qaz tarifinin azaldılması problemini həll edə bilməsək, bunun Azərbaycana aidiyəti yoxdur.Bu, bizim problemdir”.