Rusiyada olan xarici miqrantların sayı açıqlanıb. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dekabrın 14-ə olan məlumata əsasən Rusiyada 10,3 milyon xarici ölkə vətəndaşı var.
Onların 1 milyona qədəri Rusiyada bir aydan az müddətdə olub. Böyük ehtimalla onlar ya turistdirlər, ya da qısa müddətli məzuniyyət üçün gəliblər. Qalan 9 milyon nəfər 1 aydan çox, 3 milyon nəfəri 1 ildən çoxdur ki, Rusiyada yaşayır. Bura Orta Asiya. Ukrayna, Qazaxıstan vətəndaşları, o cümlədən Avropa və ABŞ-dan gələn tələbələr, yüksək ixtisaslı mütəxəssislər daxildir.
Rusiyaya daha çox Özbəkistandan gələnlər var. Rusiyadakı özbək miqrantların sayı 2,3 milyon nəfərdir. İkinci yerdə 1,4 milyon nəfərlə Ukrayna, üçüncü yerdə 1,1 milyon nəfərlə Tacikistan, dördüncü yerdə 620 min nəfərlə Azərbaycan, beşinci yerdə 540 min nəfərlə Qırğızıstan gəlir.
Rusiyaya üz tutan çinlilərin sayı 200 min nəfərdən bir qədər çox, almanların sayı 300 min nəfərdən çox, amerikalıların sayı 200 min nəfərə yaxın, britaniyalıların sayı 150 min nəfərdən çoxdur.