Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə komissiyasının yığıncağında iştirak edib.
Lent.az-ın “nyusru” -ya istinadən məlumatına görə, toplantı iştirakçılarına məlumat verən Rusiya lideri deyib ki, cari ilin ilk 6 ayında 5,6 milyard dollarlıq silah satıblar: “50 milyard dollarlıq silah sifarişi var. Təxminən 400 gəmi və sualtı qayıq 27 ölkəyə ixrac olunub. Dünya üzrə gəmi istehsalının 27 faizi Rusiyanın payına düşür. Buna görə də ölkələrin gəmilərini yeniləməsi gözlənilir. Bunun üçün təxminən 100 milyard dollar xərcləmək lazım olacaq”.
Bu ilki nəticəni ötən ilki ilə müqayisə edən V.Putin bildirib ki, 2013-cü ildə Rusiya 15,7 milyard dollarlıq silah satıb, onda 35 milyard dollarlıq sifarişi olub. 2012-ci ildə isə silah satışı 15,16 milyard dollar, sifariş isə 46 milyard dollar təşkil edib.
Putin bu göstəriciləri “rekord” adlandıraraq, dünya silah bazarında ABŞ-dan sonra ikinci yerdə olmalarından məmnunluğunu gizlətməyib.
Bu arada ölkə başçısı iclasda yenicə vəzifəyə təyin olunmuş Rusiyanın Hərbi Texniki Əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojinanı komissiya üzvlərinə təqdim edib.
Xatırladaq ki, Vladimir Kojina prezident yanında 14 il idarəetmə işlərinə rəhbərlik edib. Onun bu vəzifəyə, “böyük təcrübə və peşəkarlığına görə” təyin olunduğu bildirilib.