Rusiya Baş Prokurorluğu SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov barəsində cinayət işinin yenilənməsindən imtina edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı (Profsoyuz qrajdan Rossii) İctimai Birliyi keçən ilin əvvəllərində Mixail Qorbaçovu Sovetlər İttifaqını dağıtdığına, Bakıda bir gündə 132 nəfərin qətlə yetirilməsinə əmr verdiyinə, Vilnüs və Tiflisdə kütləvi qırğınlar törətdiyinə görə məhkəməyə verib.
Eyni zamanda Mixaill Qorbaçov barəsində cinayət işinin yenilənməsi tələbi ilə Rusiya Federasiyası Baş Prokurorluğu yanında İstintaq Komitəsinə müraciət ünvanlanıb. Baş Prokurorluq isə cavabında müraciətdə Mixail Qorbaçovun cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir əsas olmadığını söyləyib. O da bildirilib ki, M. Qorbaçovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarının tələbi olmalıdır.
Bundan sonra Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyi tərəfindən Qorbaçov barəsində cinayət işinin yenilənməsi ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikova müraciət olunub.
Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyinin Qorbaçovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı keçirilən məhkəmə prosesi bir ilə yaxındır ki, davam edir. Birliyinin Moskva bölməsinin rəhbəri Aleksandr Kurinov APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, hazırda işə Moskva Apelyasiya Məhkəməsində baxılır: “Sonuncu məhkəmə instansiyasına qədər gedəcəyik. Nəticə əldə etməsək, Qorbaçovun barəsində olan tələblərlə Avropa Məhkəməsinə müraciət edəcəyik. İstəyirik ki, Qorbaçovun fəaliyyətinə hüquqi qiymət verilsin. Nəhəng ölkəni dağıdan, SSRİ-nin prezident andını pozan, minlərlə insanın qanına bais olan, Sovetlər İttifaqının milyonlarla vətəndaşlarına fəlakət gətirən insana “görkəmli ictimai xadim” deyə müraciət olunmamasını istəyirik, buna görə də, sona qədər gedəcəyik”.
Qeyd edək ki, Mixail Qorbaçov barəsində cinayət işi hələ 1991-ci ildə SSRİ Baş Prokurorluğunun şöbə müdiri Viktor İlyuxin tərəfindən başlanıb. Lakin sonra o vəzifədən getdiyinə görə, cinayət işinə xitam verilib.