Qəhvənin bahalaşması gözlənilir. Lent.az-ın mignews.com saytına istinadən verdiyi məlumata görə, buna səbəb Mərkəzi Amerika ölkələrində qəhvə plantasiyalarında xəstəlik törədici (patogen) göbələk xəstəliyinin yaranmasıdır.
Kosta-Rika hökuməti Mərkəzi Amerikada qəhvə plantasiyalarının xəstəlikdən qorunması üçün təcili tədbirlər görülməsi üçün çağırış edib. Kosta-Rika artıq bu problemlə mübarizə aparmaq üçün 4 milyon dollar xərcləyib. İlkin məlumatlara əsasən göbələk gələcəkdə yığılacaq qəhvənin məhsuldarlığını ən azı 12 faiz aşağı salıb.
Nikaraqua Qəhvə Assosiasiyası da bəyan edib ki, əgər təcili tədbirlər görülməsə, vəziyyət pisləşəcək. Qvatemala və Salvador da ölkədəki qəhvə plantasiyalarında patogen göbələk xəstəliyinin yayıldığını bəyan edib. Bu, yaxın vaxtlarda dünya bazarında qəhvənin bahalaşacağını qaçılmaz edib. Əgər xəstəliyə qarşı ciddi mübarizə aparılmasa, qəhvənin qiymətində yeni rekordlar qeydə alınacaq.