Pakistanda polis istintaq zamanı şübhəli şəxsi baltalayaraq öldürüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Pakistanın şimalında Gurjad qəsəbəsində baş verib. Ali Riza adlı polis zabiti iki nəfəri yaralamaqda şübhəli bilinən Səid Tufail Heydər adlı şəxsi Polis İdarəsində amansızcasına öldürüb.
Hadisəyə səbəb isə saxlanılan şəxsin ifadə verərkən Məhəmməd peyğəmbəri və İslam dininə inananları dəfələrlə təhqir etməsi olub. Buna dözə bilməyən polis zabiti əlinə balta alaraq saxlanılan şəxsin başına bir neçə dəfə zərbə endirib. Hadisədən sonra Ali Rza təslim olub.
Qeyd edək ki, bir neçə gün öncə Pakistanın Pəncab əyalətində xristian olan ailə Qurani-Kərimi yandırdığına görə camaat tərəfindən amansızcasına öldürülüb. Bu azmış kimi 4 aylıq hamilə olan qadının və onun ərinin cəsədi tonqalda yandırılıb. Həmin hadisəyə görə 42 nəfər şübhəli bilinərək saxlanılıb.