Səudiyyə Ərəbistanının şiə din adamı Nimr əl Nimrin də aralarında olduğu 47 nəfəri edam etməsi İranın sərt etirazına səbəb oldu. Etirazlar ani olaraq o həddə çatdı ki, İrandakı Səudiyyə səfirliyinin və konsulluğunun yerləşdiyi binaların yandırılmasına cəhd göstərildi.
Bunun qarşılığında isə Səudiyyə Ərəbistanı bütün vətəndaşlarını və diplomatlarını İrandan geri çağırdı və iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər tamamilə kəsildi. İran isə bu edama ən yüksək səviyyədə etiraz etməkdə davam edir. Hətta İranın ali dini lideri Ayətullah Əli Xamenei “İŞİD ilə Səudiyyə Ərəbistanı arasında bir fərq yoxdur!” deməkdən çəkinmədi.
Əvvəlcə Nimr əl Nimrin şəxsiyyətinə nəzər salaq...
1959-cu ildə Səudiyyə Ərəbistanının şərqindəki Əl Avamiyyə şəhərində doğulan Nimr daha sonra şiələrin sıx yaşadığı Katif şəhərinə köçüb və burada din xadimi kimi yetişib. Daha sonra 10 il müddətində Tehranda və Suriyada dini təhsil alaraq Ayətullahlar Şirazi və əl-Mədarrəsinin anlayışını tamamilə mənimsəyib. Daha sonra doğulduğu şəhərə qayıdan Nimr burada fəaliyyətini davam etdirib.
Dini baxımdan ölkəsindəki məzhəblərarası münaqişə anlayışına çox qoşulmayan Nimr həm də Səud rejiminin tənqidçilərindən olub. O, Səudiyyə Ərəbistanında azad seçkilərin keçirilməsinə çağırışları ilə tanınıb və 2006-cı ildə həbs edilib. 2011-2012-ci illərdə isə Səudiyyə Ərəbistanındakı aksiyalar zamanı “polisə qarşı şiddəti pisləməsi və hakimiyyətlə "söz davası" aparmaq çağırışı”na baxmayaraq həbs edilib. Polis onu ayağından güllələyərək yaxalayıb və kütləvi iğtişaşlara çağırışla ittiham edib.
“The Guardian” qəzeti onu önəmli din xadimlərindən və siyasi perspektiv vəd edən şəxsiyyətlərdən biri kimi göstərib.
Nimrin edamı ilə 2016-cı ilin ilk böhranının miqyası və təhlükəsi şübhə doğurmur. Şiə din xadiminin edam edilməsindən sonra İraqdakı iki sünni məscidinə silahlı hücumun edilməsi təhlükəli gedişatın ilk simptomlarıdır. Edamla bağlı açıqlamadan sonra tək İraqda deyil, Yaxın Şərqdəki bir sıra ölkələrdə də etiraz aksiyalarının keçirilməsi regionda yetişməkdə olan yeni məzhəb davasının nə qədər böyük ərazini əhatə edə biləcəyini göstərir.
Bəs şiə din adamının qeyri-müəyyən şəraitdə və mübahisəyə açıq səbəblərdən edam edilməsi yeni bir məzhəb müharibəsinin start götürməsinə gətirib çıxaracaqmı? Bu suala sağlam cavab tapmaq üçün Nimrin edam qərarına aparan prosesi və vəhhabilərlə şiələr arasında tarixən davam edən qarşıdurmaları xatırlamaq lazımdır.
Nimrin edamına gedən yolun hüquqi əsası 2011-ci ildə qoyulub. Məhz həmin il Səudiyyə Ərəbistanı daxildə və xaricdə minlərlə insanın ölümünə səbəb olsa da, "“Ərəb Baharı”na meyl göstərənlərə dəmir yumruqla zərbə" ilə bağlı qanun qəbul edib. 2012-ci ildə isə bu qanunun əhatə dairəsi daha da genişləndirildi və kralın şəxsiyyəti və kral ailəsinin təhqir edilməsi də “terror” anlayışına daxil edildi. Qanunun tələb etdiyi cəza da məlum idi – EDAM!
Nimr də bu qanunla mühakimə edilib və barəsində 2012-ci ildə edam hökmü çıxarılıb. 2015-ci ildə isə qərarın gözləmə müddəti bitdi və qərar dəyişmədi. Halbuki həbsdə olan din adamı şiddəti rədd edən bəyanatla çıxış etmişdi: “Diktaturaya qarşı silahların əvəzinə sözün çıxış etməsini dəstəkləyirəm. Sözün silahı güllədən daha güclüdür, çünki diktatura həmişə silahın mübarizəsindən qazanır”.
Əslində şiələrlə Səudiyyə Ərəbistanı hakimiyyəti arasında tarixi bir qarşıdurma var. Bu qarşıdurmanın səbəbini iki əsas məsələ təşkil edir: etiqad fərqliliyi və bölgəçilik psixologiyası.
1776-cı ildə hakimiyyətə gələn Əbdüləziz ibn Məhəmmədin şiə və digər məzhəb qruplarını düşmən elan edərək bu savaşın qaynağını açıq elan edib. Səud ailəsinin ölkədə vəhhabiliyi rəsmi məzhəb elan etməsi isə düşmənçiliyi pik həddə çatdırıb. Belə ki, Ərəbistanda artıq vəhhabilikdən başqa, yerdə qalan bütün məzhəblər kafir və düşmən hesab edilirdi.
Sonrakı illərdə düşmənçilik motivləri açıq müharibə və qanlı toqquşmalar səviyyəsinə yüksəlib. Məsələn, 1802-ci ildə vəhhabilərin şiələrin müqəddəs məkan hesab etdikləri Kərbəlaya etdikləri hücum nəticəsində 3 min şiə öldürülüb. Basqın zamanı vəhhabilər İmam Hüseynin türbəsinə də ziyan vurublar və türbənin içindəki qiymətli əşyaları aparıblar.
Növbəti basqın isə İmam Əlinin türbəsinə edilib. Lakin bu dəfə Nəcəfə hücum edən vəhhabilər ciddi müqavimətlə üzləşib və məqsədlərinə nail ola bilməyib. Maraqlıdır ki, basqından bir il sonra vəhhabilərin lideri Əbdüləziz ibn Məhəmməd bir şiə təriqətçisi tərəfindən qətlə yetirilib.
Göründüyü kimi, şiəlik və vəhhabilik anlayışlarını mənimsəmiş toplumlar arasındakı problemlərin kökündə çox ciddi tarixi düşmənçilik dayanır. Zaman-zaman Səudiyyə Ərəbistanı torpaqlarında güclənmək istəyən şiələr hər dəfə yerli hakimiyyətin müdaxiləsi ilə üzləşib. 20-ci əsrin 70-ci illərinin sonunda İranın simasında Yaxın Şərqdə şiələrin teokratik rejimli böyük dövlət qurması müqəddəs torpaqlarda da bu məzhəbin baş qaldırmasına zəmin yaradıb. Təsadüfi deyil ki, 1980-ci ildə Ər-Riyadda şiələrin keçirdiyi etiraz aksiyasına hakimiyyət 20 min təhlükəsizlik qüvvəsi ilə müdaxilə edib və qanlı toqquşma zamanı 20 şiə öldürülüb. Elə həmin dönəmdə Məkkədə şiələrin ibadət üçün yığışdıqları ibadətgahların bağlanması və sırf şiəliklə mübarizə üçün 12 min nəfərlik xüsusi silahlı qrupların yaradılması yaxın gələcəkdə münaqişənin daha da alovlana biləcəyinə işarə idi.
1987-ci ildə Həcc ziyarəti zamanı rəsmi rəqəmlərə görə 400, qeyri-rəsmi məlumata görə isə 600 şiənin toqquşma zamanı ölməsi də diqqətdən qaçmamalıdır.
Bu arada qeyd edək ki, Səudiyyə Ərəbistanının 30 milyonluq əhalisinin 10 faizi (3 milyonu) şiələrdir və zaman-zaman məzhəb azlığı kimi qəbul edilən Ərəbistan şiələrinin öz istinadgahları kimi İranı və İraqdakı müqəddəs şəhərləri göstərməsi bu ölkələr arasındakı tarixi gərginliyi saxlayıb.
Və nəhayət 2015-ci ildə Məkkədə Həcc ziyarəti zamanı bədbəxt hadisə kimi rəsmiləşdirilən olaylarda ölənlərin əksəriyyətinin İran şiələri olması, həmin şəxslər arasında olan İranın Livandakı keçmiş səfiri də olmaqla, bir sıra nüfuzlu şiələrin ölüsünün və ya dirisinin tapılmaması bu iki ölkə və məzhəb arasındakı qarşıdurmanı daha da artırıb. Nimr əl Nimrin edam edilməsinin neftin ucuzlaşması və iki dövlətin maliyyə sıxıntılarına daxil olduğu dönəmdə baş verməsi regionda məzhəb qarşıdurmasının daha da dərinləşəcəyinə gətirib çıxara bilər. Bu ölkələr Suriya və İraqda bir-birinə qarşı savaşmaqda davam etdiyi və həmin müharibələrin artıq neftin qiymətinə təsir etmədiyi ortada olduğu üçün yeni bir qaynar nöqtənin yaranması da mümkündür.