Moskvada Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, təqdimat Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib.
Təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, KİV nümayəndələri iştirak ediblər.
Sonra Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili “Dünya azərbaycanlılarının palitrası” kitabının da milli diasporun həmrəyliyi üçün atılan addım olduğunu deyib.
Daha sonra Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev çıxış edərək “Dünya azərbaycanlılarının palitrası” kitabının diasporumuzun mütəşəkkilliyinə yeni töhfə olduğunu deyib: “Bu kitab diasporumuzun bir-birini tanımasında noviqator rolunu oynayır. Kitab Azərbaycanda və xarici ölkələrdə ən yüksək səviyyədə rəsmi şəxslərə təqdim olunub”.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin müəllimi, professor Abuzər Bağırov da çıxış edərək müəllifə belə bir kitab ərsəyə gətirdiyi üçün təşəkkür edib.
Daha sonra Lətif Alnazarov, Validə Məmmədova və digərləri çıxış edərək kitabın diasporunun həmrəyliyi və əlaqələrinin qurulmasındakı rolundan danışıblar. Çıxışlarda kitabın yalnız gənclər diaspor fəallarından ibarət ikinci hissəsinin də çap olunması təklif olunub.
Tədbirdə kitabın İsveçrə universitetlərinin birindən təqdimat və müzakirəsinin olacağı qeyd olunub.
Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə ilə videobağlantı qurulub. Fuad Hüseynzadə iştirakçıları salamlayaraq təqdimatın təşkilatçılarına öz minnətdarlığını bildirib: “Əsas hədəfim xaricdəki soydaşlarımızın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir. Kitab həmçinin diasporun təcrübə mübadiləsi etməsi baxımdan da əhəmiyyətlidir. Çünki burada soydaşlarımız görülmüş və görüləcək işlərdən danışırlar”.