Buzlaqlar əridi, 34 il əvvəl  yoxa çıxan alpinistlərin qalıqları  TAPILDI - FOTO
19 avqust 2026 19:48 (UTC +04:00)

Buzlaqlar əridi, 34 il əvvəl yoxa çıxan alpinistlərin qalıqları TAPILDI - FOTO

0

İsveçrədə buzlağın əriməsi 34 ildən çox əvvəl yoxa çıxan iki alpinistin qalıqlarını üzə çıxarıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qalıqları iyulun 26-da İsveçrənin cənubunda, İtaliya sərhədinə yaxın ərazidə yerləşən Trift buzlağında turist aşkarlayıb. Meyit qalıqları şəxsiyyətlərinin müəyyən edilməsi üçün Sion şəhərindəki Vale kanton xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna aparılıb.

DNT analizi nəticəsində onların 1992-ci ildə Vayssmies dağı ərazisində itkin düşən iki belçikalı alpinist olduğu təsdiqlənib.

Məlumata əsasən, onlar 4 sentyabr 1992-ci ildə Vayssmies dağ evindən 4017 metr hündürlüyündəki eyniadlı zirvəyə qalxmaq üçün yola düşüblər. Lakin pis hava şəraiti səbəbindən yürüşü davam etdirə bilməyiblər və yalnız Almagell dağ evinə qədər çata biliblər.

Onların yoxa çıxmasından sonra xilasedicilər bir neçə dəfə axtarış əməliyyatı keçiriblər. Alpinistlərə məxsus bel çantası tapılsa da, həmin vaxt özlərini aşkar etmək mümkün olmayıb.

Aradan onilliklər keçdikdən sonra buzlağın əriməsi onların taleyini üzə çıxarıb. Buz təbəqəsi geri çəkildikcə illər əvvəl həlak olan insanların qalıqları aşkar edilə bilir.

Vale kanton polisi bildirir ki, 1925-ci ildən bu yana itkin düşmüş şəxslərlə bağlı məlumatlar arxivdə saxlanılır. Belə hadisələrin əksəriyyəti dağlıq ərazilər və çaylarla bağlıdır.

Bu, İsveçrə Alplarında əriyən buzlaqların uzun illər əvvəl itkin düşmüş insanları üzə çıxardığı ilk hal deyil. Ötən il Ober-Qabelhorn dağı yaxınlığındakı buzlaqda 1994-cü ildə itkin düşmüş isveçrəli alpinistin qalıqları da tapılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar