Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez İtaliyada övladları ilə keçirdiyi tətil zamanı seçdiyi rahat görünüşlə diqqət çəkib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi gəzinti zamanı yay aylarında tez-tez istifadə etdiyi sandal və başmaqları balet ayaqqabıları ilə əvəz edib.

Lopez açıq rəngli, ön hissəsi bantla bəzədilən klassik modelə üstünlük verib. Müğənninin seçimi payız mövsümündə rahatlığı və zərifliyi birləşdirmək istəyənlər üçün yeni dəb nümunəsi kimi təqdim olunub.

Stilistlərin fikrincə, balet ayaqqabılarının əsas üstünlüyü onların müxtəlif geyimlərlə asan uyğunlaşdırılmasıdır. Bu modelləri cins şalvar, klassik şalvar, don və ətəklə geyinmək mümkündür. Ayaqqabılar gündəlik gəzinti ilə yanaşı, ofis, romantik görüş və xüsusi mərasimlər üçün də uyğun hesab edilir.

Lopezin ayaqqabılarına bənzəyən modellər süni və təbii dəridən, zamşadan, həmçinin elastik trikotaj materialdan hazırlanır. Dəyirmi, kvadrat və sivri burunlu variantları olan balet ayaqqabılarının qiyməti xarici onlayn mağazalarda 14 dollardan başlayır.

Bəzi modellərdə yumşaq içlik, sürüşməyən altlıq və ayağın formasına uyğunlaşan elastik hissələr mövcuddur. Bu xüsusiyyətlər uzun müddət ayaq üstə qalan və hündürdaban ayaqqabılardan yorulan qadınlar üçün onları əlverişli seçimə çevirir.

Moda mütəxəssisləri hesab edirlər ki, balet ayaqqabıları keçid mövsümünün əsas trendlərindən biri olacaq. Cennifer Lopezin İtaliya tətilindəki seçimi də bu rahat və klassik modelin yenidən dəbə qayıtdığını göstərib.


