Braziliya millisinin və Madrid “Real”ının sabiq futbolçusu Roberto Karlos İslamı qəbul edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə parlamentinin deputatı Əli Şahin məlumat verib.
O bildirib ki, dünya futbolunun əfsanəsi təxminən dörd həftə əvvəl şəhadət gətirib.
Braziliya müsəlman icmasının nümayəndəsi Cihad Həmmadə də 53 yaşlı braziliyalının İslamı qəbul etməsi barədə məlumatı bölüşüb. O bildirib ki, Roberto Karlos uzun müddətdir onunla əlaqədə olub və təxminən bir ay əvvəl onu ziyarət edib.
Roberto Karlos İslamı qəbul edən ilk məşhur braziliyalı futbolçu deyil. Daha əvvəl “Mançester Yunayted”in və Braziliya millisinin sabiq müdafiəçisi Kleberson, eləcə də hücumçu Sokrates Juniorun da müsəlman olub.
Roberto Karlosun 2009–2010-cu illərdə “Fənərbağça”da çıxış etdiyi Türkiyədə bu hadisəyə xüsusi diqqət göstərilib.
Futbolçunun İslamı qəbul etməsi ilə bağlı əvvəllər də şayiələr yayılmışdı, lakin rəsmi təsdiq yox idi. Türkiyə mediası məşhur idmançıların İslamı qəbul etməsi barədə xəbərləri tez-tez gündəmə gətirir və bu cür hadisələr müsəlman dünyasında geniş müzakirələrə səbəb olur.
Roberto Karlos “Real Madrid”in heyətində üç dəfə Çempionlar Liqasının qalibi olub — 1998, 2000 və 2002-ci illərdə. O, Madrid klubu ilə həmçinin dörd dəfə İspaniya çempionluğunu, üç dəfə İspaniya Superkubokunu, iki dəfə Qitələrarası Kuboku və bir dəfə UEFA Superkubokunu qazanıb.
Braziliya millisinin heyətində müdafiəçi 2002-ci ildə dünya çempionu olub, 1997 və 1999-cu illərdə isə iki dəfə Amerika Kubokunu qazanıb.