Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla MDB-yə üzv ölkələrin səfirləri arasında ənənəvi görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş zamanı 2017-ci ildə MDB-yə Rusiya sədrliyi dövründə görülən işlərə yekun vurulub, xarici siyasətdə koordinasiyanın möhkəmləndirilməsi ilə çoxplanlı əməkdaşlığın gələcək addımları müəyyən edilib.
Rusiya XİN başçısı adından MDB ölkələrinin səfirləri üçün verilən işgüzar nahar zamanı iştirakçılar MDB məkanında inteqrasiya proseslərinin inkişafı, Birliyin digər regional təşkilatlarla əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar, beynəlxalq problemləri müzakirə ediblər.
Qeyd edək ki, görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.