Səudiyyə Ərəbistanı krallığının varisi şahzadə Salman bin Əbdül Əziz əl-Səud Körfəzdəki Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına (KƏDƏŞ) daxil olan ölkələri 2013-cü ildə Ər-Riyadda keçiriləcək sammitdə birlik yaratmağa çağırıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, şahzadə Bəhreynin paytaxtı Manamada keçirilən KƏDƏŞ sammitində çıxışı zamanı bildirib: “İndiki mərhələdə baş verənlər səylərimizə cavab vermir”.
Onun sözlərinə görə, körfəzdəki ərəb ölkələrinin birliyinə keçid “bölgədəki əhalinin hamısının rifahına xidmət edəcək”.
Səudiyyə Ərəbistanın nümayəndəsi qeyd edib ki, altı monarxiyanın ümumi müdafiə və daxili təhlükəsizlik sistemlərinin yaradılması istiqamətində təşəbbüslər irəli sürülür.
Bəhreyn kralı Həməd bin-İsa əl-Xəlifə isə sammit iştirakçıları körfəzdəki monarxiyaların əhalisinin təhlükəsizliyini təmin etmək üçün yollar axtarıldığını vurğulayıb.
Xatırladaq ki, KƏDƏŞ-in birlik halına çevrilməsi təşəbbüsü ilə hələ keçən ilin dekabrında Səudiyyə Ərəbistan kralı Abdulla bin-Əbdül Əziz çıxış etmişdi. Onun fikrinə görə, belə bir qurumun yaradılması monarxiyalara sabitliyi qorumağa və güclənmiş regional təhdidlərdən təhlükəsizliyi təmin etməyə kömək edəcək.
KƏDƏŞ 1981-ci ildə yaranıb və körfəzdəki 6 monarxiyadan – Bəhreyn, Qətər, Küveyt, Oman, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı ibarətdir.