İranın xarici işlər naziri Əli Əkbər Salehi yanvarın 23-də jurnalistlərə açıqlamasında 5+1 qrupuna (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) üzv ölkələrlə nüvə proqramı ilə müzakirələrdə danışıb.
Lent.az-ın İRNA-ya istinadən məlumatına görə, Qahirədən yenicə qayıdan Əli Əkbər Salehi Misir rəsmilərinə etdiyi təklifindən danışıb: “Ali Milli Təhlükəsizlik Şurasındakı dostların tövsiyəsini nəzərə qalaraq Misir səfərində 5+1 qrupu ilə növbəti nüvə danışıqlarına ev sahibliyi məsələsi də müzakirə olundu və biz bu danışıqların Qahirədə keçirilməsini təklif etdik. Misirli dostlarımız təklifimizi razılıqla qarşıladılar.
Nüvə danışıqlarına ev sahibliyi etmək istəyən bir çox ölkə var və misirlilərlə danışıqlar nəticə verməsə, digər seçimləri nəzərə alacağıq. 5+1 qrupu ilə növbəti danışıqların dəqiq vaxtı və yeri hələlik bəlli deyil. Bunun isə müəyyənləşməsi üçün hazırda İranın Qərblə nüvə danışıqları aparan rəsmisi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton arasında danışıqlar aparılır”.
Qərb İrandan uranı zənginləşdirməklə bağlı fəaliyyətini dayandırmağı, nüvə fəaliyyətlərinin hərbi xarakter daşıması ilə bağlı beynəlxalq nigaranlığı ortadan qaldırmağı tələb etsə də, İran bunu rədd edir, ölkəyə qarşı sanksiyaların ləğvini istəyir.