Dekabrın 30-da Gürcüstanın baş prokuroru Otar Partsxaladze tutduğu vəzifədən istefa verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, bildirib ki, cəmiyyətdə onun həyatı ilə bağlı yaranmış şübhələr nəticəsində baş prokurorluqdan ə istefa vermək qərarına gəlib.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili noyabrın 21-də ilk iş günündə Otar Partsxaladzeni bu vəzifəyə təyin etmişdi.
Bundan öncə o, Maliyyə Nazirliyində istintaq xidmətində rəis işləyib.
Onun istefasını Tiflisin vəzifədən uzaqlaşdırılan icra başçısı Gigi Uqulavanın bəyanatı ilə əlaqələndirirlər. Keçmiş mer bildirib ki, Ratsxaladze 2001-ci ildə «oğurluq və soyğunçuluq maddəsi ilə» Almaniyada ittiham olunaraq, bir il şərti iş alıb. Bundan başqa o, əlavə edib ki, Partsxaladzenin dövlət vəzifəsi tutması haqqı da məhdudlaşdırılıb. Bu məhdudiyyət 2016-cı ilədək qüvvədədir.
Bu iddiaya cavab olaraq, Partsxaladze 2000-ci ildə Almaniyada ittiham olunduğunu etiraf edərək, bildirib ki, o, «soyğunçuluğa görə deyil», «polisə müqavimət»lə bağlı mühakimə edilib. Baş prokuror hesab edir ki, bu «çirkli siyasi kampaniyadır».
Baş nazir Qaribaşvili də bu günlərdə təyin etdiyi baş prokurorun əvvəllər mühakimə olunduğunu təsdiqləyib.