Ermənistan prezidentliyinə namizəd, “Radio-ay”ın direktoru Andreas Qukasyan müddətsiz aclıq aksiyasına başlayıb.
APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, A.Qukasyan hazırkı dövlət başçısı Serj Sarkisyanın prezidentliyə namizədliyinin ləğv olunmasını tələb edir.
Bununla bağlı Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyana məktub göndərən A.Qukasyan hakim partiyanı səlahiyyətlərdən sui-istifadədə və prezidentlik yarışının digər iştirakçılarına qarşı ləyaqətli davranmamaqda ittiham edib: “Əgər seçki kampaniyası başlayana qədər hakim partiyanın namizədinin qeydiyyatı ləğv olunmasa, bunu özümün və cəmiyyətin seçki hüququnun pozulması kimi qiymətləndirəcəyəm. Mənim vətəndaşlıq borcum bu hüququn müdafiəsi üçün müddətsiz aclıq aksiyasına başlamağımı tələb edir”.
Qeyd edək ki, Ermənistanda növbəti prezident seçkiləri fevralın 18-də keçiriləcək.