Sən demə, 21-ci əsrin 13-cü ilində də ən çox ağ-qara televizorlara baxanlar varmış. Özü də Afrika cəngəlliklərində yox, Londonda. “Dumanlı Albion”da 2715 ailə məhz bu cür televizorlardan istifadə edir.
Lent.az-ın BBC-ə istinadən verdiyi məlumata görə, ağ-qara televizorlar üçün verilən lisenziyaların sayı getdikcə azalır. Belə ki, 2000-ci ildə 212 000 lisenziya verilmişdisə, 2013-cü ilin əvvəlində belə lisenziyaların sayı 13 202 təşkil edib.
Televiziya və radio texnologiyaları tarixçisi Jon Trenout hesab edir ki, ağ-qara televizorlardan sözügedən ailələrin istifadə etməsi, onların pula qənaət etməsi ilə izah oluna bilər. O qeyd edib ki, ağ-qara televizorlardan istifadə etmək istəyənlər həmişə olacaq: "Bunlar ya işlək vəziyyətdə olan texnika ilə vidalaşmaq istəməyənlər, yaxud köhnə televizorları kolleksiya edənlərdir".