Britaniyanın dövlət büdcəsində hərbi xərclərin azalması səbəbindən 2013-cü ilin iyununa kimi ordu sıralarından 5 min 300 hərbçi ixtisar olunacaq.
Lent.az-ın “İTAR-TASS”a istinadən məlumatına görə, bunu barədə Britaniyanın müdafiə naziri Filip Hammond bəyan edib: “Müdafiə Nazirliyinin büdcəsindəki kəsir ixtisarları qaçılmaz edir”.
Onun sözlərinə əsasən, bu göstərici hazırda 38 milyard funt sterlinqdir (61 milyard dollar).
“Quru qoşunlarında da şəxsi heyətin sayı azaldılacaq, buna baxmayaraq bu addım hərbçilərin hərbi ləvazimatla təchizatını və maliyyələşdirilməsini tam təmin etməyə imkan verəcək. İndiyədək bu mümkün deyildi” - deyə, Hammond qeyd edib.
Onun sözlərinə görə, ixtisarlar Əfqanıstandakı hərbi əməliyyatlara təsir etməyəcək.
2010-cu və 2012-ci illərdə qəbul olunmuş proqramlara əsasən Britaniyanın Müdafiə Nazirliyi 102 min əsgər və zabitdən ibarət ordunun sayını 2015-ci ilədək 82 minədək endirmək niyyətindədir.