Bərzaninin adamından sərsəm açıqlama
23 yanvar 2013 11:26 (UTC +04:00)

Bərzaninin adamından sərsəm açıqlama

Vaşinqtonun oyuncağı olan Məsud Bərzani Azərbaycan xalqının birləşmək istəmədiyini iddia etməyə başlayıb

 

Şimali İraqda müstəqil kürd dövlət ideyasını həyata keçirmək istəyən kürd liderlər Türkiyə hakimiyyətinin buna razılıq verməsi, Türkiyədə ictimaiyyətin də bunu normal qəbul etməsi üçün təhqiramiz bir formada Azərbaycan modelini qabartmağa başlayıblar.   

 

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Kərkükün kürd əsilli valisi Necmeddin Kerimin jurnalist Ruşen Çakıra müsahibəsində də bu məqam xüsusi yer alıb.

 

Qeyd edək ki, Necmeddin Kerim İraq Kürdüstan Demokrat Partiyasının sədri olmuş Molla Mustafa Bərzaninin mühafizəçisi olub. Molla Mustafa Bərzani hazırda Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri olan Məsud Bərzaninin atasıdır. Necmeddin Kerim 1976-cı ildə Molla Mustafa Bərzani ilə ABŞ-a gəlib, neyrocərrah ixtisasına yiyələnib, Vaşinqtonda Kürd İnstitutuna rəhbərlik edib. O, iki il əvvəl də anadan olduğu Kərkükün valisi olub, hazırda Məsud Bərzaninin ən çox etimad bəslədiyi insanlardan biridir. Məsud Bərzani və digər kürd liderlərin hazırda əsas məqsədi neft ehtiyatları ilə zəngin tarixi türkmən şəhəri Kərkükü Şimali İraq Kürd Muxtariyyətinin tərkibinə daxil etmək və sonrakı mərhələdə paytaxtı Kərkük olan müstəqil kürd dövləti yaratmaqdır. Ancaq həm Kərkükün taleyi, həm da Şimali İraqda yaradılacaq müstəqil kürd dövləti Türkiyə üçün ciddi problem sayılır. Bu, Türkiyədə kürd separatizminin daha da alovlanmasına gətirib çıxara bilər. Çünki son məqsəd vahid Kürdüstan dövləti yaratmaqdır.

 

Hazırda Məsud Bərzaninin sözçüsü kimi çıxış edən Necmeddin Kerim isə Ruşen Çakıra müsahibəsində Türkiyəni və türk xalqını İraqda müstəqil kürd dövlətinin yaranmasından narahat olmamağa çağırıb: “Hər ölkənin şərtləri müxtəlifdir. Əgər Türkiyə özünün kürd problemini həll edərsə, narahatlıqlarını da aradan qaldırar. Azərbaycan örnəyi ortadadır. İran Azərbaycanında Azərbaycan Respublikasından daha çox azərbaycanlı yaşamasına baxmayaraq, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra onlar müstəqillik axtarmağa başlamayıblar. Əgər İran Azərbaycanında yaşamaq istəməyənlər varsa, Azərbaycana gedə bilər. Eyni şey Türkiyə kürdləri ilə İraq Kürdüstanı arasında da yaşana bilər...”

 

Beləliklə, Məsud Bərzani parçalanmış Azərbaycan xalqının birləşərək müstəqil bütöv Azərbaycan dövləti yaratmaq istəmədiyi barədə təəssürat yaratmağa çalışır və sözçüsü vasitəsi ilə bunu ictimai müzakirəyə çıxarmağa çalışır. Əslində Azərbaycana belə təhqiramiz yanaşma tərzi Məsud Bərzaninin də öz beyninin məhsulu deyil.  Bu, İraqda Səddam Hüseyn rejimini devirərək Məsud Bərzani və İraq Yurdsevərlər Birliyinin sədri Cəlal Təlabaniyə geniş imkanlar yaradan ABŞ-a məxsusdur. Məhz ABŞ Şimali İraqda kürd muxtariyyəti, əslində orduya, bayrağa və digər atributlara malik faktiki müstəqil dövlət yaradıb, Məsud Bərzanini bu faktiki müstəqil dövlətin rəhbərliyinə gətirib. Digər tərəfdən, İraqdakı şiə və sünni ərəblərə təzyiq göstərərək Cəlal Tələbanini İraq prezidenti postunda əyləşdirib. İndi növbəti mərhələdir, Vaşinqtondakı dairələr İraqda müstəqil kürd dövlətinin yaradılmasına Türkiyə ictimaiyyətində loyal münasibətin formalaşması üçün Azərbaycan amilini ortaya atmağı məsləhət biliblər. Elə son yüz ildə 3 dəfə silaha sarılaraq fars şovinizminə qarşı mübarizəyə qalxan Cənubi Azərbaycanın Şimali Azərbaycanla birləşməsinin qarşısının alınmasında da son dəfə məhz ABŞ əsas rolu oynayıb. Ancaq tarixi unutdurmağa və Azərbaycan xalqını aşağılamağa çalışan ABŞ növbəti dəfə riyakarlıq edir. Təəssüf ki, Türkiyədə özünü aparıcı jurnalist sayan bəziləri ya bunu dərk etmir, ya da dərk etmək istəmirlər...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983
avatar

Oxşar yazılar