Gürcüstandakı Azərbaycan türklərinin anna dilində təhsillə bağlı problemləri hələ də öz həllini tapmayıb.
Bu haqda çeşidli qurumlar davamlı olaraq, məsələyə diqqət yönəldir. Bütöv Azərbaycan Ocaqlarından (BAO) Lent.az-a daxil olan məlumat görə, qurum bu problemlə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib.
Məktubda bildirilib : «Hörmətli Baş Nazir,Gürcüstan Respublikasının Borçalı (Kvemo-Kartli) bölgəsində kompakt yaşayan, sayı 600 min civarında olan yerli Azərbaycan türklərinin təhsillə bağlı ciddi problemləri var. Belə ki, bu bölgədə əhalinin sosial durumunun aşağı olması, müəllim çatışmazlığı, həmçinin dövlətin təhsilə böyük maddi vəsait ayırmaq imkanının məhdud olması Azərbaycan türklərinin lazımı səviyyədə orta və ali təhsil almaq, bu üzdən dövlət qurumlarında işləmək imkanlarını məhdudlaşdırır. Təhsil səviyyəsinin aşağı olması eyni zamanda əhalinin Gürcüstan cəmiyyətinə inteqrasiya olunmasını çətinləşdirir.
Sizin müxtəlif dünya ölkələrində təhsilin inkişafı istiqamətində həyata keçirdiyiniz tədbirləri alqışlanır. Xahiş edirik ki, Borçalı bölgəsində təhsilin səviyyəsini yüksəltmək üçün orada türk liseylərinin açılmasına şərait yaradasınız».