Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov Füceyrə Əmirliyinin hakimi Şeyx Həməd bin Məhəmməd Əl Şərqi ilə görüş keçirib. Letn.az-ın məlumatına görə, Füceyrə hakiminə dərin təşəkkürünü bildirən səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını ona çatdıraraq, dövlətimizin başçısının dost Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə dostluq və qardaşlıq əlaqələrini daha da yüksəltmək, eləcə də qarşılıqlı əməkdaşlığı bütün sahələrdə, xüsusən də ticari-iqtisadi, turizm və investiya sahələrində artırmaq arzusunda olduğunu xüsusilə qeyd edib.
Azərbaycan Prezidentinin BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi barədə göstərişini xatırladan D.Şikarov bu mühüm addımın dost ölkədən turist axınının 25-30 dəfə artdığını bildirərək, Azərbaycan Hava Yolları “AZAL” və “Fly Dubai” tərəfindən Dubay-Bakı-Dubay istiqamətləri üzrə birbaşa həftəlik uçuşların 4 dəfə çoxalaraq 28 uçuşa çatdığını Şeyx Həməd bin Məhəmmədin diqqətinə çatdırıb, 2017-ci ilin mart ayının 16-dan etibarən Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı-Şarca reyslərinə başlayacağını məlumat üçün bildirib. Həmçinin, Naxçıvan və Qəbələ haqqında dolğun bəhs etdikdən sonra səfir Füceyrə Əmirliyindən həmin istiqamətlər üzrə reyslərin təsis olunması məsələsini nəzərdən keçirməyi Şeyx Həməd bin Məhəmməddən xahiş edib.
Sonra milli iqtisadiyyatımızın müstəqilliyin 25 ili ərzində keçdiyi keçməkeşli inkişaf yolundan söhbət açan səfir ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən geniş danışıb.
Respublikamızın əsas etibarı ilə son 15 il ərzində dinamik inkişaf etdiyini xüsusilə qeyd edərək, D.Şikarov Azərbaycan hökumətinin münbit investisiya mühiti yaratdığını, xarici kapitalın dövlət tərəfindən qorunduğunu qabardıb və fürsətdən istifadə edərək, Füceyrə işgüzar dairələrini ölkəmizin kənd təsərrüfatı, turizm və digər sektorlara investisiya yatırmağa dəvət edib.
Daha sonra səfir Füceyrə Əmirliyində Azərbaycan dövlət investisiyaları üçün yaradılmış şəraitə görə hakimə minnətdarlığını ifadə edib.
Öz növbəsində, Füceyrə hakimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkürünü, eləcə onun salamlarını və səmimi diləklərini Azərbaycan rəhbərinə çatdırılmasını xahiş edib.
Şeyx Həməmd bin Məhəmməd Ərəb Əmirliklərinin dost Azərbaycanla sıx dostluq əlaqələrində olduğunu məmnunluqla dilə gətirərək, cari ilin fevral ayında Azərbaycan liderinin ölkəyə rəsmi səfərə gəldiyini və ölkə rəhbərliyi ilə olduqca faydalı görüşlər keçirdiyini xatırlayıb və ikitərəfli əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edib.
Ardınca Füceyrə hakimi Azərbaycan hökuməti ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməyə və bu işdə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib.
Görüş əsnasında, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, o cümlədən münaqişənin siyasi nizamlanması ətrafında son durum barəsində Şeyx Həməd bin Məhəmmədə ətraflı bilgilər verilib.